Mourinyo: Hər şeyi desəm, karyeram başa çatar
28.04.2011 - 09:07
Mourinyo: Hər şeyi desəm, karyeram başa çatar
“İndi hakimlik və UEFA haqda hər şeyi desəm, həmən karyeram başa çatar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyunundakı (0:2) hakim haqsızlıqlarının cavab qarşılaşmasında da davam edəcəyini düşünür: “Mənim UEFA və hakimə bir sualım var: niyə? Biz Barselonadakı cavab oyununa yollanırıq, heç nə etməyən Pepesiz, hakim qarşısında günahsız olan Ramossuz və öz yerində olmayacaq baş məşqçisiz. Biz səfərdə qol vursaq da, hakimlər bizi öldürəcək. Bu isə o deməkdir ki, vəzifəmiz yerinə yetiriləsi deyil. İlk matçda bizim heç bir şansımız olmadı. Ümid edirəm ki, nə vaxtsa buna cavab alacağam. İndi isə hakim evinə qayıdıb. Çünki heç kimin qarşısında hesab verməməlidir”.

Almaniyalı hakim Volfqanq Ştark kimi, “Barselona”nın baş məşqçisi Xosep Qvardiola da Mourinyonun hədəfində olub: “Mən 2 dəfə fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Onların da heç biri “Barselona” olmayıb. “Porto” elə ölkəni təmsil edir ki, klubları adətən qalib gəlmirlər. “İnter” isə 50 il idi kubok qazanmırdı və favoritlərdən deyildi. Biz görülən iş və çəkdiyimiz əziyyət sayəsində qalib gəlirdik. Qvardiola böyük məşqçidir. Lakin Çempionlar Liqasını “Stemford Bric”dəki qalmaqalla qazanıb. Bu il udsa, “Santyaqo Bernabeu”da qalmaqal olacaq”.