Lənkəranda 739 gün gözlənilən qələbə
28.04.2011 - 09:13
Lənkəranda 739 gün gözlənilən qələbə
“Xəzər Lənkəran” klubu “Bakı” ilə oyunlarda uğursuzluq sindromuna son qoydu. Apasport.az saytının hesablamalarına görə, lənkəranlılar “zolaqlılar”a 2 ildən sonra qalib gəldi. Bu, komandalar arasında kuboku da nəzərə alsaq, 7-ci görüşdə reallaşdı. “Xəzər Lənkəran” “Bakı” ilə ilk yarımfinal oyununda evdə 1:0 hesabı ilə qalib gəldi. Qələbə topunun müəllifi olan kosta-rikalı hücumçu Uinston Parks komandasının “Bakı”ya cari mövsümdə vurduğu hər 2 qolun müəllifi olub. Ötən il çempionatın ilk dövrəsində Lənkərandakı həmin görüş 1:1 hesabı ilə nəticələnmişdi.

Cənub təmsilçisi sonuncu dəfə bakılıları 2009/10 mövsümündə çempionatda yenmişdi. Bu, XII turda 2009-cu ilin noyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda 3:0 hesablı qələbə idi. Ancaq Lənkəranda “Bakı” üzərində sonuncu qələbə isə bundan da əvvəl olmuşdu ki, söhbət 2008/09 mövsümündən gedir. Çempionatın XXII turunda 2009-cu ilin aprelin 18-də keçirilən görüşdə də həmin nəticə qeydə alınmışdı. Bu isə “Xəzər Lənkəran”ın evdə “Bakı”ya 739 gündən sonrakı qalib gəlməsi deməkdir. Bununla cənublular digər tilsimi də qırdı. Belə ki, “Xəzər Lənkəran” “zolaqlılar”la ölkə kubokunda əvvəlki iki ev oyununda uduzmuşdu – hər ikisi 0:1.

Qeyd edək ki, “Bakı” lənkəranlıları səfərdə ən çox yenən komandadır.

Mehman SÜLEYMANOV