Azərbaycanlı hakim Bin Ladenlə bir arada
28.04.2011 - 11:05
Azərbaycanlı hakim Bin Ladenlə bir arada
Böyük Britaniya mətbuatı dünya futbolunun 50 ən məşhur simasının siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, ən populyar idman növünə hər hansı bağlılığı olan tanınmışlar sırasında müxtəlif peşə sahibləri də var. Amma məşqçilər, futbolçular, həvəskar top qovanlar və sadəcə, bu oyunun azarkeşləri arasından seçilən “Top-50”də nə Pele yer alıb, nə də Maradona.

Bununla belə, “qaymaqlar” sırasında Azərbaycan təmsilçisi də var. Bu, adını İngiltərə futbol tarixinə qızıl hərflərlə yazdıran Tofiq Bəhramovdur. 1966-cı ildə keçirilən dünya çempionatının final qarşılaşmasında yan xətt hakimi olan həmyerlimiz verdiyi qərarla ingilislərə çempionluq bəxş etdi. Bu üzdən də Bəhramov “Top-50”yə düşən 2 hakimdən biridir. Digəri isə əfsanəvi italiyalı Pyerluici Kollinadır.

UEFA prezidenti Mişel Platini, artıq əfsanə olan mütəxəssislər Aleks Ferqyusson, Joze Mourinyo, Arsen Venger kimi bilavasitə futbola bağlı şəxsiyyətlər də seçilmişlər sırasındadır. Jorj Vea və Hari Liniker kimi ulduzların da olduğu siyahıda incəsənət xadimləri də qərarlaşıb.

Tom Kruz, Xulio İqlesias, Antonio Banderas, Bob Marli kimi əfsanələrin bu idman növünə bağlılığı heç kimə sirr deyil.

Bəhramovun yer aldığı siyahıda futbola bağlılığı yalnız azarkeş kimi olan şəxsiyyətlər də var. Diktatorlar Auqusto Pinoçet və Səddam Hüseyn, dünyanın bir nömrəli terrorçusu sayılan Üsama bin Laden də “50-lik”də öz yerlərini alıblar.