“Lənkərandakı kimi oynaya bilsək, mütləq qələbə qazanacağıq”
28.04.2011 - 12:47
“Lənkərandakı kimi oynaya bilsək, mütləq qələbə qazanacağıq”
“Lənkəranda yaxşı oynadıq. 4 real qol şansını qaçırdıq. Halbuki, həmin epizodlardan birində qol vura bilsəydik, başqa nəticə olardı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

NBC Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Xəzər Lənkəran”ın qonağı olan paytaxt təmsilçisi minimal hesabla uduzdu. Oyunun 23-cü dəqiqəsində Uinston Parksın vurduğu qol 90 dəqiqə ərzində yeganə olub. Çempionatda fiaskoya uğrayan “zolaqlılar”ın avrokuboklara yolu isə yalnız ölkə kubokunu qazanmaqla açıla bilər.

Finala hansı komandanın yüksələcəyi gələn həftə keçiriləcək cavab oyunlarından sonra müəyyənləşəcək. Səfərdə məğlub olmalarına baxmayaraq, müdafiəçi paytaxtda revanş ala biləcəklərinə inanır: “Lənkərandakı oyunu Bakıda sərgiləyə bilsək, mütləq qələbə qazanacağıq. Buna inanıram. Məqsədimiz yenidən kuboka sahib çıxmaqdır. Rəhbərliyin üzərimizdə əməyi böyükdür. Çempionatdakı uğursuzluğu kuboku qazanmaqla sığortalamaq niyyətindəyik. Həm də onların əziyyətinin heç olmasa, 4-5 faizini qaytarmaq istəyirik”.

Bu arada mövsüm sonunda müqaviləsi başa çatacaq Məhərrəmov doğma klubunda qalmaq arzusundadır: “Müqaviləm başa çatır. Planlarım “Bakı” ilə bağlıdır. Başqa komanda haqda düşünmürəm. Rəhbərlik də mövsüm başa çatdıqdan sonra yeni anlaşma təklif edəcək”.