Azərbaycan kubokunun cavab oyunlarına buraxılmayanlar
28.04.2011 - 13:38
Azərbaycan kubokunun cavab oyunlarına buraxılmayanlar
Azərbaycan kubokunun bir sıra iştirakçıları mayın 4-də keçiriləcək cavab yarımfinal oyunlarını buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, “Bakı” ilə “Xəzər Lənkəran” Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşünə itkilərlə çıxacaq.

“Zolaqlılar”ın qış fasiləsində qaytardığı serbiyalı müdafiəçi Stevan Bates cəzalı duruma düşüb. “Ağ-yaşıllar”da belə problemi olan yarımmüdafiəçi Elnur Abdullayev də qış transfer müddətində gəlib. Millimizin də üzvü olan gənc futbolçu vaxtilə heyətində kubok, çempionluq qazandığı “Bakı” ilə cavab matçını kənardan izləyəcək.

Hər iki futbolçunun ilk oyunda aldıqları sarı vərəqə kubokda 2-ci olub. Bates bunadək 1/4 finalda “Qəbələ”, Elnur “Neftçi” ilə səfərdəki ilk oyunda qarşısında sarı vərəqə görmüşdü. “Xəzər Lənkəran”da cəzası bitən rumıniyalı Andrey Pits sıraya qayıtdığından, “Bakı” ilə cavab oyununda orta sahədə boşluq yaranmayacaq. Sadəcə, lənkəranlılarda Elnurun adaşı, millimizdə də birgə oynadığı Allahverdiyevi kənarlaşdırandan sonra yerli futbolçular lap azalıb. Bu isə legioner limitinin “8+3” olduğu halda ciddi problemdir.

Digər yarımfinal cütü olan “İnter” – AZAL matçında cəzalı futbolçu olmasa da, kənarda qalan var. Bu, “təyyarəçilər”in baş məşqçisi Nazim Süleymanovdur. O, “İnter”lə “Şəfa” stadionundakı görüşdə qırmızı vərəqə alaraq, texniki zonadan çıxarılıb. Süleymanovun məsələsinə AFFA-nın İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Onun keçmiş komandası olan “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik isə kubokun cari mövsümü hələ “Neftçi” ilə ilk görüşdən sonra bitib. Həmin vaxt 5 oyunluq cəzalanan rumıniyalı mütəxəssis kubok matçlarını tribunadan izləməyə məcburdur.

Qeyd edək ki, əvvəlki dövrlərdən fərqli, kubokda alınan sarı vərəqələrin çempionata aidiyyatı yoxdur və onlar yalnız bu turnir üçün hesablanır.