Ceyhun Sultanova edilən siqnallar: Nə istədiyimi deyəcəm
28.04.2011 - 23:01
Ceyhun Sultanova edilən siqnallar: Nə istədiyimi deyəcəm
“Mayın sonunda müqaviləmin müddəti başa çatacaq. Sözün düzü, hələ heç kimlə danışmamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Yayda çempionatın startına bir neçə gün qalmış “Gəncə” ilə ortaq məxrəcə gələn millinin sabiq futbolçusu özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Bununla da Sultanov hələ futbol oynamaq gücündə olduğunu ortaya qoyub.

Təbii ki, mövsümboyu yalnız öz komandalarının deyil, eyni zamanda digər futbolçuları da izləyən məşqçilər transfer etmək istədikləri oyunçuların siyahısını beləcə genişləndirirlər. Bəs Sultanov mövsümün sonunda hansı qərarı verəcək? Futbolçu “Gəncə”də qalmağın əleyhinə deyil, amma bir şərtlə: “İstədiyimi alsam, irəli sürəcəyim şərtlərlə razılaşsalar, qalacam. Əks təqdirdə, başqa kluba keçəcəm”.

“İstədiyimi alsam” deyərkən futbolçu maddi baxımdan qazanacağını nəzərdə tutduğunu bildirib. O, klub rəhbərliyi ilə son 1 tur qalmış masa arxasına əyləşəcəyini vurğulayıb: “Mövsümün başa çatmasına 4 tur qalıb. Rəhbərlik qalmağımı istəyir. Sona 1 tur qalmış oturub danışacağıq. Nə istədiyimi deyəcəm. Razılaşsalar, qalmağımda problem olmayacaq”.

Çempionat davam etdiyindən konkret heç kimlə danışmadığını deyən Ceyhun xidmətində maraqlı olan klubların varlığından xəbərdar olduğunu bildirib: “Müəyyən siqnallar var. Hamısı Bakı təmsilçiləridir. Ancaq çempionat başa çatmadığına görə, heç biri ilə danışığım olmayıb”.