Arif Əsədov: Biz çempionluğu bu tur təmin etməyi düşünmürük”
29.04.2011 - 14:10
Arif Əsədov:  Biz çempionluğu bu tur təmin etməyi düşünmürük”
“Çempionluq uğrunda mübarizədə ən yaxın izləyicimiz “Xəzər Lənkəran” bizdən bir gün əvvəl oynayır. Ancaq biz daha çox rəqibimizin “İnter”lə “Şəfa” stadionundakı görüşünü yox, AZAL-la öz oyunumuzu düşünürük”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Ötən ilin martından “ağ-qaralar”ın “sükanı arxası”nda olan gənc çalışdırıcı artıq Premyer Liqanın növbəti turunda çempionluğu təmin edə bilər. Bu, “Neftçi”nin səfərdə AZAL-a qalib gəlməsi, eyni zamanda, “Xəzər Lənkəran”ın “İnter”lə matçda xal itirməsi nəticəsində reallaşacaq.

Əsədov bildirib ki, əsas məqsəd lənkəranlılarla 8 xallıq fərqi əldən verməməkdir: “AZAL-la oyunda qələbə qazanmağı düşünərək, növbəti 3 xalı hesabımıza yazmaq istəyirik. “Xəzər Lənkəran” “İnter”lə görüşdə xal itirərsə, bizim bundan necə yararlanmağımızı zaman göstərəcək. Çempionluğu mövsüm bitməmiş qazanmaq yaxşı olsa da, bu, yalnız bizdən asılı deyil. Rəqiblərimizin nəticələri də nəzərə alınır. Biz belə fikirləşmirik ki, çempionluğu bu tur təmin etməliyik. Əsas məqsədimiz qalan 4 oyunun 2-də qalib gəlib, həmin 8 xalı qorumaqdır. Bu zaman artıq sona 2 tur qalmış çempion olmağımız rəsmiləşəcək”.

Növbəti tura məhz AZAL – “Neftçi” oyunu ilə yekun vurulacaq ki, meydan sahiblərinin Şüvəlan qəsəbəsindəki stadionunda 2-ci görüşü saat 20:00-da başlayacaq. Əsədov hazırlığa buna uyğun qurduqlarını bildirib: “Bu, bizim işimizdir. Oyun nə vaxt, harada keçirilərsə, komanda şəklində buna hazırlıq görürük. AZAL-la oyunumuz sintetik örtüklü meydançada keçiriləcəyindən, belə qazonda məşq edirik. Bu məqsədlə son günlərdə “Şəfa”da hazırlıq keçirik. Sabah, oyun öncəsi son məşqimiz Şüvəlanda olacaq. AZAL kubokda mübarizəni davam etdirsə də, finala çıxacağı hələ dəqiqləşməyib. Hazırda tutduqları 4-cü yer isə ölkə kubokunun nəticəsindən asılı olaraq Avroliqaya vəsiqə verə bilər”.

Mehman SÜLEYMANOV