“Onlar Azərbaycan yığması ilə müqayisədə div təsiri bağışlayırdılar”
29.04.2011 - 14:46
“Onlar Azərbaycan yığması ilə müqayisədə div təsiri bağışlayırdılar”
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən çimərlik futbolu üzrə Bahar Qran-Prisi şimallı həmkarlarımızın da diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, rusiyalılar Azərbaycan millisinin iştirakı ilə keçirilən turnirin açılış oyununa da biganə qalmayıblar.

Həmkarlarımızın fikrincə, “Kristall” klubuna 2:3 hesabı ilə uduzan millimiz matçın əvvəllərində lap aciz imiş: “Oyunun startında “Kristall” heyətini gəncləşdirmiş Azərbaycan yığması ilə müqayisədə çimərlik futbolunun divi təsiri bağışlayırdı. Buraxılan ilk qol qonaqların qapıçısı Vaqif Şirinbəyovun səfərbər olması ilə nəticələndi. Azərbaycan yığmasının üzvləri öz oyununu tapana kimi, komandasını son xətdə qapıçı xilas edirdi”.

Şimallılar yığmamızın hissədən-hissəyə artırdığını da qeyd edir: “Oyunun ortalarında gənc azərbaycanlılar öz oyunlarını tapdılar. “Kristall”a isə yalnız ilk hissədə qaçırılan qol imkanlarına təəssüflənmək qalırdı. Sonuncu hissədə isə üstünlük Azərbaycan yığmasının tərəfində idi. Lakin onlar 8-ci dəqiqədə vurulan “möcüzə-qol”u unutmayaraq, uzaq zərbələrə ümid edirdi”.

Qeyd edək ki, yığmamız məhz üstün oynadığı 3-cü hissədə uduzub. İlk 2 hissənin hər birindən 1:1 hesabı ilə ayrılan komandamız son hissədə 1 cavabsız qol buraxıb.