“Rəhbərlik “Qarabağ”da qalmağımı təklif edib” - FOTO
29.04.2011 - 23:07
“Rəhbərlik “Qarabağ”da qalmağımı təklif edib” - FOTO
“Meydana 3 xal üçün çıxacağıq. “Bakı” yaxşı komandadır. Altıncı pillədə qərarlaşmaları, onların zəif komanda olmaları demək deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov deyib.

Ölkə kubokunda mübarizəni dayandırdığı üçün həftəiçi istirahət edən “Qarabağ” Premyer Liqanın XXIX turunda “Bakı” ilə qarşılaşacaq. Artıq çempionluqdan əlini üzən Ağdam təmsilçisi ikinci pillə uğrunda mübarizə aparır. Yarımmüdafiəçi bildirib ki, Avropa Liqasına vəsiqəni bu tur rəsmiləşdirmək istəyirlər: “Bakı” geniş heyətə malikdir. Ancaq dəqiqdir ki, onlar bütün diqqətlərini kuboka yönəldiblər. Biz üçüncü pillədə qərarlaşmağımıza baxmayaraq, hələ Avropa Liqasına vəsiqəni təmin etməmişik. Buna nail olmalıyıq”.

Məhsuldarlıq baxımından geri qalan Nadirov bunun elə də əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Epizodlar olur. Yarımmüdafiəçi kimi çıxış etdiyimdən əsas işim ötürmə etməkdir. Yəni, komanda yoldaşlarımın qol vurmasına şərait yaradıram. Mən vurdum, ya başqası vurdu fərqi yoxdur, önəmi olan qələbə qazanmağımızdır”.

Bu arada adı “Qəbələ” ilə hallanan futbolçu hazırkı komandasında başa çatacaq müqaviləsinin yenilənməsi ilə bağlı təklif alıb: “Komandama lazım olsam, qalacam. Ola bilsin, “Qəbələ” məni istəsin. Ancaq konkret hansısa təklif almamışam. Rəhbərlik “Qarabağ”da qalmağımı təklif edib”.