“Neftçi”dən “Neftçi”yədək
29.04.2011 - 16:47
“Neftçi”dən “Neftçi”yədək
Azərbaycan Premyer Liqasının XXIX turu Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis “Neftçi” ilə paytaxt derbisində komandasını 50-ci çempionat matçına çıxaracaq.

2009/10 mövsümünün XI turundan sonra baş məşqçi postunda Əsgər Abdullayevi əvəzləyən Süleymanov ötən çempionat 21 qarşılaşmada iş başında olmuşdu. Cari mövsümün arxada qalan hissəsində daha 28 görüşdə bu funksiyanı yerinə yetirən çalışdırıcı 49 matçda 20 qələbə qazanıb. 16 qarşılaşmadan 1 xalla ayrılan Süleymanovun yetirmələri 13 dəfə məğlubiyyətə üzülüb. Bu matçlardakı top fərqi 53:35-dir.

Maraqlıdır ki, Süleymanovun AZAL-dakı yolu da “Neftçi” ilə matçda başlayıb. 2009-cu il noyabrın 29-da Bakıxanov qəsəbə stadionunda baş tutan oyunda onun rəhbərlik etdiyi “Olimpik-Şüvəlan” səfərdən xalla qayıtmışdı – 0:0. Süleymanovun Bakıxanov qəsəbəsindən Şüvəlana, “Neftçi”dən “Neftçi”yə qədərki yolu 518 gün çəkib.

Qeyd edək ki, Süleymanov AZAL-dan başqa, “Xəzər Lənkəran” və “Bakı”nı da Premyer Liqa oyunlarına çıxarıb.