Gəncədən Şüvəlana gedən qızıl yol
29.04.2011 - 23:04
Gəncədən Şüvəlana gedən qızıl yol
Gəncə və Şüvəlan. Bir-biri ilə bağlılığı, qonşuluğu olmayan bu məkanları həftəsonu futbol birləşdirəcək. Premyer Liqanın XXIX turu məhz Gəncədə şənbə günü saat 14:00-da başlayıb, ertəsi 20:00-da Şüvəlanda yekunlaşacaq.

Milli çempionatımızda oyunun belə gec başlanmağına nadir hallarda rast gəlincə də, stadionda süni işıqlandırma sisteminin olması nəzərə alınıb. Gəncə şəhər stadionunda yerli komandanın MOİK-lə görüşü turnir cədvəli baxımından heç bir önəm daşımadığı halda, Şüvəlanda yeni istifadəyə verilən AZAL-ın arenasındakı görüş bütün futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Bu da “Neftçi”nin 6 illik gözlədiyi çempionluğa qovuşmasının “təyyarəçilər”lə matçda mümkünlüyü ilə bağlıdır.

Düzdür, bunun üçün “İnter” evdə “Xəzər Lənkəran”dan, “Bakı” səfərdə “Qarabağ”dan xal almalıdır. Bunun reallaşacağını indidən dəqiq demək olmaz. Ancaq fakt odur ki, artıq növbəti turda Premyer Liqanın yeni qalibinin adını öyrənə bilərik.

Şüvəlanla Gəncənin adını təsadüfən birgə çəkmədik. Axı bu məkanlardan biri “Neftçi”nin tarixinə qızıl hərflərlə həkk olunub. Söhbət Nizami yurdundan gedir ki, “ağ-qaralar” 2005-ci ildə son çempionluğunu məhz burada bayram ediblər. İyunun 10-da Gəncə şəhər stadionunda görüş 19 illik milli çempionatımızda 2 “qızıl oyun”dan biridir. Bunların hər ikisi “Neftçi”nin iştirakı ilə, birincisi uğursuz, digəri uğurlu olub. Həmin uğurlu görüş “ağ-qaralar”ın artıq 7 ildir ən prinsipial rəqibi olan “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldiyi oyundur.

Bundan artıq 6 il ötür və “Neftçi”də arxada qalan müddətdə böyük dəyişiklər olub. Təsadüfi deyil ki, həmin heyətdən - rəhbərlik, məşqçi və futbolçulardan heç kim qalmayıb. Köklü dəyişən “Neftçi” 6 illik titul həsrətinə son qoymaq iddiasındadır. Bu, ölkə kubokunda alınmasa da, çempionluqda real görünür.

Tale elə gətirdi ki, indi “Neftçi” Şüvəlanda çempionluğu bayram etmək imkanı qazanıb. AZAL nəinki bu adla, uzun müddətdir rəqibinə qalib gəlməsə də, ilk qələbəsi futbol tariximizdə yadda qalan olub. Söhbət 2007-ci ilin mayın 17-də “Şəfa” stadionundakı oyundan gedir. Həmin vaxt “Olimpik” adlanan komanda ilə görüşən “Neftçi” fasiləyə 1:0 hesabı ilə irəlidə yollansa da, 2-ci hissədə buraxdığı 2 qolla qələbəni əldən verdi. Bu, II dövrədə “ağ-qaralar”ın yeganə xal itirdiyi matç idi. Nəticədə son tur öncəsi liderliyini “Xəzər Lənkəran”a təhvil verən “Neftçi” çempionluğa bu qədər yaxın olduğu halda, onu əldən verdi.

Maraqlıdır ki, həmin mövsümdə “Xəzər Lənkəran” 8 xallıq üstünlüklə qış fasiləsində inamla lider kimi yollandığı halda, artıq onu çempionluq münasibətilə təbrik edənlər vardı. Ancaq bu üstünlük tez bir zamanda əldən verildi və yalnız “Olimpik”in hesabına liderlik qaytarılaraq, ilk və hələlik yeganə çempionluq qazanıldı.

“Neftçi”nin böyük maraqla gözlənilən “Xəzər Lənkəran”la növbəti görüşü ilə mövsümə yekun vurulacaq. Bu komandaların çempionluğa ən şanslı olduqları nəzərə alınaraq, Bakıda oyunu son tura salındı. Sözsüz ki, belə təqvim azarkeşlərin də ürəyincə idi və qızıl medalların taleyinə son turdakı “Böyük oyun”da aydınlıq gələ bilərdi. Ancaq lənkəranlıların gözlənilmədən “altılıq”da uğursuz startı, ilk qələbəsini yalnız II dövrənin startında qazanmağı ilə vəziyyət dəyişdi. Nəticədə liderliyini daha də möhkəmlədərək, böyük üstünlük qazanan “Neftçi”ni qızıl medallara lap yaxınlaşdı.

“Qarabağ” da “Xəzər Lənkəran”ın uğursuzluğundan istifadə edərək, xal fərqini minimuma endirdi və gümüş medallar uğrunda mübarizə qızışdı. Əslində, “Qarabağ”ın çempionluğa da nəzəri şansı qalsa da, bunun real olmadığını komanda üzvləri də etiraf edirlər. İstənilən halda, “Neftçi”nin son çempion kapitanı, əvvəl xatırlatdığımız “Olimpik”lə oyun zamanı baş məşqçisi olan, indi isə “Qarabağ”ı çalışdıran Qurban Qurbanov intriqanı saxlaya bilər. Ağdamlıların tarixi rəqibi olan “Neftçi” ilə oyunu qaldığından, 3 tura 9 xal fərqi aradan qaldıra bilərlər. Sadəcə, liderin xal ehtiyatı yetərincə olduğundan, qorxulu bir şey yoxdur. Ancaq “Xəzər Lənkəran”la “Qarabağ” üçün bu, çempionluq arzularının üstündən birdəfəlik xətt çəkilməsi deməkdir. Buna görə qalan 4 oyunun hamısında qələbə ümidlərin puç olmamağı üçün lazımdır.

“İnter”lə AZAL isə istənilən halda, çempionluğa əsas namizədlərlə oyunlara ciddi yanaşmalıdırlar. Çünki hadisələrin belə gedişi, “Xəzər Lənkəran”ın finala çıxıb, kuboku qazanması ilə 4-cü pillənin sahibi də Avroliqaya gedəcək və bu, yerin qiyməti artır. Həmin yer uğrunda mübarizə aparanlar isə məhz AZAL-la “İnter”dir ki, turnir cədvəlində qonşu olan komandaların arasında cəmi 2 xallıq fərq var.

Hazırda 4-cü yerdə “təyyarəçilər”in getməsi liderlə görüşünün əhəmiyyətini artırır. Çempionatın sonunda elə ola bilər ki, 1 xal mübarizənin taleyini həll etsin. Ona görə də təkcə kuboka diqqət yetirməyib, çempionatda da xal ehtiyatını imkan daxilində maksimum artırmaq lazımdır.


Mehman SÜLEYMANOV