“Bakı” rəhbərliyindən futbolçulara sonuncu xəbərdarlıq!
29.04.2011 - 23:58
“Bakı” rəhbərliyindən futbolçulara sonuncu xəbərdarlıq!
“İlk “altılığ”a düşəndən sonra demişdim ki, əsas məqsədimiz kuboku qazanmaqdır. Premyer Liqada birinci yeri tutmağın möcüzə olacağını bilirdik. Ümidimiz vardı ki, 2-3-cü yerdən birini tutaq. Müxtəlif səbəblərdən bu da olmayınca, gücümüzü kuboka qoyduq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Paytaxt təmsilçisi ölkə kubokunun ilk yarımfinal matçında səfərdə “Xəzər Lənkəran” uduzub – 0:1. Məmmədov bildirib ki, həmin oyun öncəsi futbolçularla ciddi söhbət ediblər: “Hər birinə başa salmışdıq ki, finala vəsiqə qazanmaq bizim yeganə çıxış yolumuzdur. Avroliqaya getmək şansını qaçırmamalıyıq. Kubokda mübarizəni erkən başa vursaq, futbolçuların bir çoxuna verəcəyimiz şans başa çatacaq. İslahatlara başlamaq üçün bundan artıq gözləməyəcəyik. Baş məşqçi Aleksandr Starkov qış fasiləsində ona görə heç bir futbolçuya dəymədi ki, hər birinin potensialını əyani dəqiqləşdirsin. Bu, bir imtahandır, ondan üzüağ çıxmaq istəyənlər “Xəzər”lə oyunlarda özlərini sübut etməlidirlər. Lənkəranda bu qələbə istəyini komandamızda gördüm. Birinci hissənin 20-25 dəqiqəsində rəqib üstün təsir bağışlasa da, bizimkilər özlərinə tez gəldilər. Məğlubiyyətə qətiyyən layiq deyildik. Yaradılan qol vəziyyətlərinə görə, 4:3 hesabı ilə udmalıydıq. Jabayla Bəxtiyar dörd şansını qaçırdı. Qapı tirindən dönən zərbə də oldu. Düzdür, lənkəranlılar da fərqlənə bilərdi, amma bizim şansımız daha çox idi. Uduzsaq da, komandamızdan, göstərdikləri oyundan razıyam. İnşallah, Bakıda da belə oynasaq, mərhələni keçərik”.

Mənbə: “Sport Favorit” qəzeti