Azərbaycan yığması “Prezident kuboku”nun qalibi oldu - YENİLƏNİB
30.04.2011 - 18:56
Azərbaycan yığması  “Prezident kuboku”nun qalibi oldu - YENİLƏNİB
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” turnirinin qalibi adını qazanıb. Apasport.az saytının xəbərinə görə, komandamız finalda Ukrayna ilə qarşılaşıb.

Oyunda hesab açılmadığı üçün, qalib penalti seriyasında müəyyənləşib. Hər iki komanda ilk zərbədən yararlana bilməyib. Kənan Manafovun zərbəsini rəqib qapıçı dəf edib. Ukraynalıların qol vurmasına isə qapı tiri mane olub. Sonrakı 4 zərbəni hər iki komanda sərrast yerinə yetirib. Yığmamızın heyətində Orxan Əliyev, Şirməhəmməd Məmmədov, Ruslan Nəsirli və David Qarayev qapını dəqiq nişan alıb.

İlk beş penaltidən sonra hesab bərabər (4:4) olduğu üçün 11 metrlik zərbələr komandalardan hər hansı birinin ilk səhvinə qədər davam etdirilib. Sayca 6-cı penaltini Vəkil Talıbov dəqiq vuraraq yığmamızı hesabda önə keçirib. Ukraynalıların hesabı bərabərləşdirməsinə qapıçı Əyyub Əliyev imkan verməyib.

Beləliklə, yığmamız 5:4 hesabı ilə qələbə qazanaraq “Prezident kuboku”nun qalibi olub.