Yeni “silah”la, yeni rekord
30.04.2011 - 15:46
Yeni “silah”la, yeni rekord
Azərbaycan Premyer Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXIX turun MOİK-lə qarşılaşmasında qələbə qolunu vurmaqla “Gəncə”yə 3 xal qazandıran Sabir Allahquliyev mövsümün rekordunu müəyyənləşdirib.

O, son 4 turda meydanı qolsuz tərk etməməklə, Premyer Liqanın cari mövsümündə ən uzun qol seriyasına malik azərbaycanlı futbolçu olub. Yalnız legionerlər Bahodir Nasimovla Georgi Adamiyanın seriyalarından geri qalan Allahquliyev artıq növbəti turda Adamiyanın, o biri turda isə Nasimovun göstəricisinə çata bilər.

Legionerlərdən fərqli, bütün matçlarda qollarını bir-bir vuran Sabir komandasının yeni baş məşqçisi Mehman Allahverdiyevin yeni silahıdır. 8 illik fasilədən sonra iş başına qayıdan mütəxəssis dönüşündən sonrakı uğurlu çıxışda yetirməsinə də minnətdar olmalıdır. Hər halda, Allahverdiyevli “Gəncə”nin 5 oyunda 3 qələbə və 2 heç-heçəyə imza atmasında, 6 topdan 4-ə imza atan hücumçunun əməyi böyükdür.

Sabir mütəxəssisin yalnız ilk oyununda – “Qəbələ” ilə matçında qol vura bilməyib. Lakin bu onun cəmi 5 dəqiqə meydanda olması ilə izah olunmalıdır. “Muğan”la 1:1 hesablı heç-heçə, “Turan” və MOİK üzərində 1:0 hesablı qələbələr məhz onun qolları sayəsində mümkün olub. MOİK üzərindəki səfər qələbəsində də (2:0) Allahverdiyevin yeni “silah”ının əməyi olub.