“Neftçi”nin ən çox çempion olan futbolçusu
02.05.2011 - 10:45
“Neftçi”nin ən çox çempion olan futbolçusu
“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev yenə fərqləndi. Apasport.az saytının hesablamalarına görə, 35 yaşlı qolkiper ötən yaydan şərəfini qoruduğu komandasının heyətində ən çox milli çempionatımızın qalibi olan futbolçu oldu.

Buna 4-cü dəfə nail olan Rauf əvvəllər “Şəmkir” (1999/00 və 2000/01 mövsümləri) və “Bakı”nın (2005/06) heyətində qızıl medal qazanıb. Özü də təcrübəli qapıçı bu 2 komandanın ilk çempionluqlarında onun heyətində yer alması ilə tarixə düşüb.

Rauf üçün klub karyerası ötən mövsüm uğursuz alınmışdısa, bu il tam əksi oldu. Belə ki, ilk dövrədə “Simurq”da oyun keçirməyən qapıçı mövsümün 2-ci yarısında keçdiyi Yevlaxın “Karvan” klubu turnir cədvəlində son pilləni tutaraq, I diviziona düşdüsə, indiki komandası ilə sona 3 tur qalmış çempion oldu.

“Neftçi”nin heyətində Mehdiyevlə yanaşı, Azərbaycan çempionu olanlar var. Söhbət müdafiəçi, kapitan Rail Məlikovla yarımmüdafiəçilər Rəşad Abdullayev və Cavid Hüseynovdan gedir. Özü də onlar hərəyə 1 dəfə belə sevinci yaşayıblar. Rail 2006-cı ildə Raufla birgə “Bakı”nın heyətində qızıl medal qazanıb. Növbəti mövsümdə isə çempion “Xəzər Lənkəran” oldu ki, onun heyətində Abdullayev vardı.

Ardından ölkə çempionluğunu “İnter” bayram etdi ki, onun sıralarında Cavid yer almışdı. Onun 23 yaşında artıq 2-ci dəfə qızıl medal qazanması yüksək göstərici sayılmalıdır. Hüseynov cari mövsümdə 2-ci qolunu tarixi oyunda keçmiş komandası AZAL-a vurdu. “Təyyarəçilər” “Olimpik” adlanan vaxtda onun şərəfini qoruyan Cavid “Neftçi”nin çempionluq qazandığı görüşdə hesabı açdı və Şüvəlan qəsəbəsində qonaq komandadan ilk qol vuran futbolçu kimi tarixə düşdü.

Flaqmanın heyətində yer alan 10 legionerdən çoxu ölkəmizdə debüt mövsümlərində çempionluğu qazanıblar. Bunlardan yalnız litvalı qapıçı Paulius Qribauskasla braziliyalı müdafiəçi Denis Silva Azərbaycanda ilk mövsümlərini keçirmirlər. Qribauskas 2009-cu ildə “Neftçi”yə gələrək, həmin vaxtdan onun şərəfini qoruyur. Litva yığmasının qapıçısı cari mövsümün hələ ilk dövrəsində ağır zədələndikdən sonra oynamır və həmkarı Raufun əsas heyətə yolunu açdı. Denisin isə ölkəmizdə ilk klubu 2008-ci ilin qışından 2010-cu ilin qışına kimi oynadığı “Xəzər Lənkəran” olub. Silva onunla Azərbaycan daxilində ölkə kuboku, xaricində “Birlik kuboku”nu qazanıb ki, bunun 2-si də gəldiyi ilk ildəcə olub. Yeri gəlmişkən, həmin vaxt onunla birgə oynamış Abdullayevlə yanaşı, Elmar Baxşıyev indi “Neftçi”də komanda yoldaşıdır.

Mehman SÜLEYMANOV