Premyer Liqada 11 illik ənənə qırıldı
02.05.2011 - 12:28
Premyer Liqada 11 illik ənənə qırıldı
Azərbaycan milli çempionatlarındakı 11 illik ənənə qırıldı. Apasport.az saytının hesablamalarına görə, 1992-ci ildən keçirilən yarışda 2000/11 mövsümündən bu yana qızıl medalların sahibi sonda bilinirdi.

Özü də son turun oyunları adəti üzrə eyni gündə keçirilir. Sonuncu dəfə 1999/00 mövsümündə “Şəmkir” sona bir neçə tur qalmış çempionluğu rəsmiləşdirmişdi. Həmin vaxt Ağasəlim Mircavadov çalışdırdığı komandanı debüt mövsümündə 1-ci etdi və ən yaxın izləyicisi olan “Kəpəz”i 11 xal qabaqladı. Bundan 11 il sonra çempionatın qalibi sondan xeyli əvvəl müəyyənləşdi. “Neftçi” sona 3 tur qalmış buna nail olmaqla, 6 illik titul həsrətinə son qoydu.

2000/01 mövsümündə Mircavadovun çalışdırdığı “Şəmkir”in “Neftçi” ilə xalları bərabər oldu və reqlamentə görə, çempionatda ilk dəfə “qızıl oyun” keçirildi. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüşdə 1:0 hesabı ilə qalib gələn şəmkirlilər ardıcıl 2-ci çempionluqları qazandılar.

2001/02 mövsümündə “altılığ”ın əvvəlində klublarla AFFA arasında münaqişə üzündən çempionat yarımçıq dayandırıldığından, qalib müəyyənləşmədi. Nəticədə beynəlxalq futbol qurumları ölkəmizi 2 illiyə cəzalandırdı və klublarımız bu müddətdə avrokuboklardan kənarda qaldı. Çempionatımız 2003-cü ildə bərpa olundu və 2003/04 mövsümünün qalibi son turda dəqiqləşdi. “Neftçi”yə çempionluğu rəsmiləşdirmək üçün 1 xal da yetərli idi. Ancaq onun son turda qalib gəlməsi, “Şəmkir”in bərabərliyə qalması nəticəsində sonda xal fərqi 5 oldu.

2004/05 mövsümündə “Neftçi” ilə “Xəzər Lənkəran” xalları bərabər oldu və bu dəfə “qızıl oyun” Gəncədə keçirildi. “Neftçi” 2:1 hesabı ilə qalib gələrək, qızıl medalların sahibi oldu.
Növbəti mövsümdə “Karvan”la “Bakı”nın çempionluq şansları qalırdı və son turda qalibin adı bilindi. “Zolaqlılar” 1 xalla üstünlüklə tarixində ilk çempionluğu bayram etdi.

2006/07 mövsümündə son turda “Xəzər Lənkəran”la “Neftçi” qalib gəlsə də, birincilər 2 xal üstünlüklə çempion oldular. 2007/08 mövsümündə “İnter”lə “Olimpik”in xalları bərabər oldu. Ancaq həmin vaxt artıq “qızıl oyun” ləğv olunmuşdu və qalib şəxsi oyunlara görə müəyyənləşirdi. “İnter” bu göstəricidə “Olimpik”i üstün olduğundan, tarixində ilk dəfə çempionluğu bayram etdi.

2008/09 mövsümündə son turda çempionluq mübarizəsi “Bakı” ilə “İnter” arasında gedirdi. “Zolaqlılar” 1 xal üstünlüklə qızıl medalları qazandı. Nəhayət, ən maraqlı çempionluq mübarizəsi ötən mövsüm oldu. Qızıl medallara 4 komandanın – “İnter”, “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran”ın şansı qalırdı. Sonda hamıdan üstün olan “İnter” ən yaxın izləyicisi “Bakı”nı 1 xal qabaqladı.

Mehman SÜLEYMANOV