“Neftçi”yə borcum vardı, onu da qaytardım”
02.05.2011 - 17:40
“Neftçi”yə borcum vardı, onu da qaytardım”
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Öncə çempionluq münasibətilə sizi təbrik edirik. Çempion komandanın baş məşqçisi hansı hissləri keçirir?
- Təbrikə görə sağ olun. İstər futbolçu, istərsə də məşqçi kimi qazandığımız uğurlara baxmayaraq, heç vaxt dəyişmirik. Ancaq əlbəttə, yaxşı hisslər var. Zənglərin gəlməyi, azarkeşlərin təbrikləri ilə hiss edirəm ki, “Neftçi”nin çempionluğu nə dərəcədə sevinc yaradıb.

- Yəqin ki, çoxlu zənglər almısınız...
- Elədir. Dünənki oyundan sonra həm qohumlarım, həm də dost-tanışlar, məşqçilər tərəfindən zənglər gəlib. Bunlar arasında gözləmədiyim azarkeşlər də olub.

- Misal üçün kim?
- “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə. İnanırsınız, səsindən heç tanımadım. Ancaq adını deyəndə sevindim. Sağ olsun ki, diqqət göstərib. Çox zənglər olub. İndi hamısının adını çəksəm, çox vaxt aparacaq.

- Rəqib komandadakı həmkarlarınızdan təbrik edənlər olub?
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təbrik etdi. “Neftçi”nin digər sabiq baş məşqçisi, hazırda “Simurq”da işləyən Böyükağa Ağayevin də təbrik zəngi oldu. O, makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin də təbriklərini çatdırdı.

- Bu mövsüm qarşıya çempionluq vəzifəsi qoyulmuşdu. Ancaq buna 3 tur qalmış nail olacağınızı gözləyirdinizmi? Sizcə, ən yaxın izləyiciniz “Xəzər Lənkəran”la aranızdakı 10 xallıq fərq nəyin göstəricisidir?
- Yadınızdadırsa, “altılıq” oyunlarından öncə Antalyadakı son hazırlıq vaxtında da demişdim ki, hansı komanda fiziki, psixoloji, taktiki cəhətdən hazır olsa, o da qalib olacaq. Çünki final mərhələsində hamısı 6 xallıq oyunlar idi. Biz də şükürlər olsun ki, “altılığ”a başlayandan yaxşı çıxış etdik, heç bir oyunda uduzmadıq. Həm Lənkərandakı heç-heçə, ardından Bakıda ardıcıl qələbələrimizi, rəqiblərimizin öz aralarındakı görüşlərdə xal itirmələri həlledici rol oynadı. Bu, bizim belə sıçrayışımıza səbəb oldu.

- Yəqin ki, saytımızda sizinlə bağlı statistik məlumatla tanışsınız. Siz həm futbolçu, həm də baş məşqçi kimi ilk Azərbaycan çempionu olmaqla, adınızı futbol tariximizə yazdırdınız. Bu, sizin üçün nə dərəcədə önəmlidir?
- Əlbəttə, buna görə fəxr edirəm. Mən “Neftçi”nin yetirməsiyəm, futbola 15 yaşında bu komandada başlamışam. Burdan SSRİ yığmasına düşərək, dünya və Avropa çempionu olmuşam. “Neftçi” həmişə mənim üçün doğmadır. Burada futbolçu kimi çempionluq da qazanmışam, kubok da. Məşqçi kimi də çempion olmaq mənim üçün ikiqat sevincdir. Sözün düzü, həm futbolçu, həm də məşqçi ilk dəfə buna olmaq haqda fikirləşməmişəm. Ancaq siz həmişə statistikada bunu qeyd etmisiniz və belə uğura nail olmağım da bir sevincdir. Mənim “Neftçi”yə bir borcum vardı. Bu da 2001-ci ildə futbolçu kimi “Şəmkir”lə “qızıl oyun”da vurduğum avtoqol idi ki, nəticədə “Neftçi” uduzaraq, çempionluqdan olmuşdu. Bu, arxaya baxanda futbolçu karyeramda bir qara iz idi. Mən baş məşqçi kimi “Neftçi”ni çempion olmaqla, borcumu qaytardım. Fikrimcə, azarkeşlərimiz bundan sonra həmin yükü üzərimdən götürərlər.

- Belə çıxır ki, 10 il əvvəlki uğursuzluğu yaddaşınızdan silməmişdiniz?
- Həmişə tarixə baxanda, belə uğursuzluqları tez-tez qeyd edəndə, istər-istəməz həmin anlar gözümün qabağına gəlirdi. Bildiyiniz kimi, həmin vaxt futbolu da qurtarmaq istəyirdim. Bu anlara qayıdanda həmişə içimdən bir narahatçılıq keçirdi. Ancaq məncə, “Neftçi”nin bugünkü çempionluğu artıq onu yaddan çıxarar.

- “Neftçi”nin 6 ildir titul qazana bilməməyi də çempionluğunuzun çəkisini artırır...
- Bu, tək mənim yox, başda prezidentimiz Sadıq Sadıqov olmaqla bütün komandanın uğurudur. Sadıq müəllimin gəlişindən sonra bütün komanda çempionluğa köklənmişdi. Mən də bir baş məşqçi kimi, bu vəzifəni yerinə yetirmək üçün ikiqat enerji ilə işləyirdim ki, etimadı doğruldum və məşqçilik karyerama uğurla başlayım.

- Son 3 ildə Azərbaycan çempionları yalnız əcnəbi baş məşqçilər idi. Yəqin ki, legionerlərin hegemonluğuna son qoymaq bir azərbaycanlı kimi sizi stimullaşdırırdı...
- Başa düşürdüm ki, bu gün mənim uğurum azərbaycanlı mütəxəssislərin uğurudur. Biz öz işimizlə elə etməliyik ki, klub rəhbərləri, futbol ictimaiyyəti tərəfindən özümüzünkülərə də güvənc yaradaq. Ona görə də üzərimə ikiqat vəzifə düşmüşdü. Bundan əvvəl Qurban Qurbanovun “Qarabağ”da gördüyü iş haradasa mənə özüm üçün inam yaratdı. Biz yerli mütəxəssislər bir-birimizə dəstək olmalı, hər zaman bir-birimizin gördüyü işi qiymətləndirməliyik. Burda elə çıxmasın ki, əcnəbilərə qarşı ayrıseçkilik edirik. Xeyr, belə deyil. Biz ölkəmizə yaxşı əcnəbilərin gəlib, onlardan nəsə faydalı şeyin öyrənməsinin tərəfdarıyıq. Həmkar kimi hər zaman dəstək olub, bir-birimizin uğuruna sevinməliyik.

- Azərbaycanda işləyən hansı əcnəbi məşqçilərə rəğbətiniz var? Hesab edirsiniz ki, onlardan yaxşı şey öyrənə bilərsiniz?
- Əlbəttə, tarixə baxanda belələrinin olduğunu görə bilərik. Qyoko Hacıyevskinin məşqçilik karyerasına baxanda, onun da çempionluq sevinclərinin qazandığını görərik. O, “Bakı” ilə çempion oldu. Elə götürək milli komandamızı çalışdıran Berti Foqtsu. Belə tanınmış mütəxəssisin Azərbaycan gəlməyi də bir təcrübədir. Hər bir məşqçidən nəsə götürmək lazımdır.

- İndiyə kimi kolleksiyanızda çoxlu qızıl medallar olub. İndiki medal orada hansı yeri tutacaq?
- Futbolçu olanda tək özünə, baş məşqçi kimi hamıya görə cavabdehsən. “Neftçi” kimi komandanın baş məşqçisi olmaq daha məsuliyyətli işdir və onu çempion etmək daha yaddaqalandır. Komandada müxtəlif yerlərdən çoxlu legionerlər var. Hərənin öz psixologiyası, mentaliteti var. Onların hər biri ilə dil tapmaq, bu səmimi ünsiyyəti sona kimi çatdırmaq lazımdır. Bütün bunlar böyük bir imtahan idi və mən bir baş məşqçi kimi öz öhdəmə düşəni etdim. Məncə, baş məşqçi kimi uğur futbolçu kimi çempionluqdan daha üstündür.

- Qarşıda daha vacib sınaq var. Ölkəmizi Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında təmsil edəcəksiniz. “Neftçi”nin ən zəif səbətdə yer alması güclü rəqiblə düşəcəyini göz önünə gətirir. Bu turnirdəki perspektivə necə baxırsınız?
- Əlbəttə, ilk gündən hədəfimiz “Neftçi”ni çempionluğa daşıyaraq, azarkeşlərimiz sevindirmək idi. Bundan sonra məqsədimiz Çempionlar Liqasında Azərbaycanı yaxşı təmsil etməkdir. Əlbəttə, çempionluq yaşandı, mövsüm bitməyib, hələ 3 tur var. Bunlar yaxın vaxta ötüb keçəcək, hər şey arxada qalacaq. Bizim hədəfimiz irəli baxmaqdır və Çempionlar Liqasında layiqli çıxış etmək istəyirik. İşimizi buna görə quracağıq. Orada da yaxşı nəticələrlə “Neftçi”nin uğurlarını möhkəmlətməyə çalışacağıq.

- Siz son 3 turda gənclərə şans verəcəyinizi demisiniz. Ancaq “İnter”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi rəqiblərlə derbi oyunlarınız qalıb. Gənclər həmin məsul görüşlərdə ağır yükü daşıya biləcəkmi?
- “Altılıq” oyunları vacib olduğundan, gənclərlə psixoloji baxımdan ehtiyatlı davrandıq. Çünki “altılığ”ın stressi, təzyiqi çox böyükdür. Haradasa gəncləri “yandıra” da bilərdik. Amma hazırlıq vaxtında bir sıra güclü rəqiblərlə oyunlar zamanı gəncləri sınamışdıq və onlar oynaya bildiklərini sübut etmişdilər. Bu gün o vaxt gəlib çatıb ki, “Neftçi” çempion olub və artıq həmin stress yoxdur. Gənclər sakit çıxıb, öz oyunlarını oynayacaqlar. Mənə elə gəlir ki, onlar zəif yox, layiqli oyun nümayiş etdirəcəklər. Bizim hansısa oyunlara məğlub çıxmaq məqsədimiz yoxdur. 3 oyunumuz qalıb və hamısına qələbə üçün çıxacağıq. Qabağımızda kim olmasının fərqi yoxdur.

- Son turda “Neftçi” – “Xəzər Lənkəran” derbisi səbirsizliklə gözlənilir. Azarkeşləriniz çempionluqdan asılı olmayaraq, bu oyunda komandada yalnız qələbə gözləyir. Həmin oyunda prinsipial, gərgin, maraqlı mübarizə görə biləcəyikmi?
- Əlbəttə. Biz “Xəzər Lənkəran”a qalib gəlmək üçün çıxacağıq. Onu da nəzərə alaq ki, nə vaxtsa gənclərə də şans verməliyik. Onlara meydana buraxanda, üzərlərində psixoloji təzyiq olmayacaq və qarşılarına yalnız qələbə qazanmaq tapşırığı qoyulacaq.

- Avropada uğurla çıxış etmək üçün heyətin güclənməsi, Flavinyo kimi legionerlərin transferi vacibdir. Bu planda işlər necə olacaq?
- Biz klub rəhbərliyi ilə birgə bu haqda fikirləşmişik. Artıq transfer işlərimiz bu yöndə istiqamətlənib. Çempionat gedişində nümayəndələrimiz axtarışlarını davam etdirirdi. Bundan əlavə, Çempionlar Liqasının vaxtına kimi hazırlıq planları da qurmuşuq.

- Bu haqda məlumat verə bilərsiniz?
- İstərdik ki, bu məsələlər tam dəqiqləşəndən, harada təlim-məşq toplanışı keçməklə bağlı danışıqlarımız bitəndən sonra açıqlayaq. Bunu birinci, ikinci hazırlıq prosesini hansı ölkələrdə müəyyənləşdirəndən sonra edəcəyik. Tarixlər hazırdır, ancaq yerlərə hələ tam aydınlıq gəlməyib.

- Təlim-məşq toplanışı Türkiyədə olacağı gözlənilir?
- Türkiyə də ola bilər, Avstriya da. Ona görə də danışıqların yekununu gözləyirik. Əvvəl bu ölkələrdə hazırlıq keçmişik. İstədiyimiz rəqibləri harada tapa bilsək, buna uyğun ölkəni seçəcəyik.

- Gedən futbolçularınız dəqiqləşibmi?
- Hələ bu haqda danışmaq tezdir. Əsas heyətimizi qoruyub saxlayacağıq. Çoxlu yeni futbolçu almağı fikirləşmirik. Haradasa 1-2 mövqeyə legioner düşünürük.

- Əcnəbi qapıçıya da ehtiyacınız olmalıdır. Litvalı Paulius Qribauskas uzun müddətdir zədə üzündən oynamır, üstəlik, müqaviləsi bitir və yəqin ki, onu saxlamazsınız...
- Qribauskasın məsələsi açıq alır. Hələ bir ay vaxt var və bu haqda danışmaq hələ tezdir. Bəzi mövqelərə legioner axtarışındayıq. Bir-iki variant var və onun üzərində işləyirik.

- Türkiyə mətbuatı “Beşiktaş”ın sabiq kapitanı İbrahim Üzülməzlə “Qalatasaray”ın kolumbiyalı qapıçı Robinson Zapatanın “Neftçi”dən təklif aldığını yazır. Belə tanınmış legionerlərin transferi nə dərəcədə realdır?
- Məsələlər tam həllini tapandan sonra kimləri transfer edəcəyimiz görəcəksiniz. Çox futbolçuları deyə, cürbəcür ölkələrdən oyunçuların adlarını çəkə bilərlər. Ancaq fakt odur ki, hələ heç bir yeni futbolçunu transfer etməmişik. Danışıqlar yekunlaşandan sonra dəqiqliyi ilə bilinəcək.

Mehman SÜLEYMANOV