Sabiqlər coşdu, yaxud Starkovu sevindirən ilk azərbaycanlı futbolçu
03.05.2011 - 08:49
Sabiqlər coşdu, yaxud Starkovu sevindirən ilk azərbaycanlı futbolçu
Azərbaycan Premyer Liqasının XXIX turu sabiqlərin coşması kimi yadda qaldı. Apasport.az saytının məlumatına görə, qol vuran 12 futbolçudan 5-i keçmiş komandalarını cəzalandırdı. Bunlar “İnter”dən Asif Məmmədov, “Qarabağ”dan gürcü Georgi Adamiya, “Bakı”dan Vaqif Cavadov, “Neftçi”dən Cavid Hüseynov və “Muğan”dan milliləşdirilən Tagim Novruzov oldu. Asif “Xəzər Lənkəran”la oyunda hesabı açmaqla, müqavilə ilə məxsus klubunu çətin vəziyyətdə qoydu. Lənkəranlılar sonradan hesabı bərabərləşdirsə də, bundan artığına gücü çatmadı. Bununla “İnter”in cari mövsümün sonuna kimi icarəyə götürdüyü Asif həm onu transferə çıxaran rumıniyalı baş məşqçi Mirça Rednikə özünü sübut etdi, həm də cənubluların çempionluq arzusunun üstündən birdəfəlik xətt çəkdi.

“Bakı”da cari mövsümün sonuna kimi icarədə oynayan Vaqif Cavadov bu il ilk qolunu karyerasını ən yaxşı vaxtını keçirdiyi komandaya vurdu. Bu, millimizin hücumçunun ölkəmizdə ilk klubu olan, 3 il şərəfini qoruduğu, heyətində Azərbaycan kubokunu qazandığı “Qarabağ” oldu. Özü də Vaqif “Bakı”nın latviyalı baş məşqçisi Aleksandr Starkovu sevindirən ilk azərbaycanlı futbolçu oldu. Məsələ ondadır ki, Starkovun qış fasiləsində gəlişindən sonra “Bakı”nın qollarını yalnız braziliyalı hücumçu Jaba vurmuşdu. Düzdür, Cavadova qədər Zaur Həşimov “Qarabağ”ın qapısına yol tapsa da, o, Starkovun futbolçusu olmayaraq, sadəcə, avtoqol etdi.

Vaqifin müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubuna gedişindən sonra onun yerinə alınan Adamiya üçün isə “Bakı” karyerasında xüsusi yer olan komandadır. Georgi “Neftçi”dən kənarlaşdırıldıqdan sonra “zolaqlılar” ona sahib çıxdı və 1 il oynadığı vaxtda heyətində 2-ci Azərbaycan çempionluğunu qazandı.

Cavidin AZAL-a vurduğu qol isə tarixi oldu. Axı bu, “Neftçi”nin 6 ildən sonra qazandığı çempionluq oyununda ilk qol idi. Hüseynov üçün Şüvəlandakı görüş prinsipial əhəmiyyət daşıyırdı. Axı millimizin yarımmüdafiəçisi “təyyarıçilər” “Olimpik” adlanan dövrdə mövsümün ortasında komandadan lazımsız futbolçu kimi uzaqlaşdırılmışdı. Bundan sonra isə Cavidin karyerasında yüksəliş başladı. Belə ki, o, “İnter”ə keçərək həm tanınmış futbolçu olaraq millimizə cəlb edildi, həm də ilk Azərbaycan çempionluğunu qazandı.

Bunlar ilk “altılıq”dakı oyunlar olsa da, 7-12-ci yerlər uğrunda mübarizə aparanlar arasında da seçilən sabiq oldu. Tagim “Muğan”a gəlişinə qədər formasını geydiyi “Turan”la oyunda yeganə qolun müəllifi oldu. O, buna Tovuzda imza ataraq, “Simurq”un Premyer Liqada qalmaq şansını hələ saxladı.

Mehman SÜLEYMANOV