Emil Mpenza arzusuna Azərbaycanda çatdı
03.05.2011 - 09:04
Emil Mpenza arzusuna Azərbaycanda çatdı
Makedoniya milli komandasının futbolçusu İqor Mitreski 2 ölkədə debütdə uğur qazandı. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi Rusiyada və Azərbaycanda ilk mövsümündəcə çempion oldu. Mitreski 2001-ci ildə Moskva “Spartak”ı, 10 il sonra “Neftçi”nin heyətində buna nail oldu. “Spartak” İqorun gəlişinə qədər də çempionluğu sıraladığı halda, komandamıza ayağı düşərli oldu. Axı “Neftçi” 6 il idi nəinki çempionluğa, ümumiyyətlə, titul üzünə həsrət qalmışdı. Mitreskinin karyerasında Rusiya və Azərbaycanla yanaşı, vətənində, Ukrayna, Almaniya, İsrail, Belçika, Bolqarıstanda oynasa da, bu ölkələrdə çempion ola bilməyib.

İqor kimi ötən yay “Neftçi”yə gələn həmyerlisi, millidə də komanda yoldaşı olan Slavço Georgiyevski 3-cü çempionluğu bayram etdi. O, vətənində “Vardar”ın heyətində 2 il dalbadal – 2001-03-cü illərdə qızıl medalçı olub. “Neftçi”nin vaxtilə əsas qapıçısı olan, zədə üzündən uzun müddətdir oynamayan litvalı Paulius Qribauskas da vətənində çempionluq sevinci yaşayıb. Bu, 2005-ci ildə “Ekranas”ın heyətində olub.

Cari mövsümdə nəinki “Neftçi”nin, Premyer Liqamızın bombardiri olan özbək hücumçu Bahodir Nasimov vətənində qızıl medal qazanıb. O, 2009-cu ildə icarədə oynadığı “Bunedkor”la buna nail olub. Milliyətcə əlcəzairli olan, doğulduğu Fransanın vətəndaşlığını daşıyan Yasin Himanın yetirməsi olduğu “Lion” XXI əsrdə çempionluqları sıralayıb. Ancaq yarımmüdafiəçi yetirməsi olduğu klubda 3 ildə (2004-07-ci illərdə) rəsmi oyun keçirməyib.

“Neftçi”nin ötən yay ən gurultulu transferi olan Emil Mpenzanın zəngin karyerasına diqqət yetirdiyimiz zamanı maraqlı məqam ortaya çıxdı. Belə ki, 33 yaşlı hücumçu indiyə kimi ölkə çempionluğu qazanmamışdı. Emilin karyerasında ən güclü klublar olan “Şalke” (Almaniya), “Mançester Siti”də (İngiltərə) çempionatın qalibi ola bilmədi. Bu mənada Mpenza xoşbəxtliyini Azərbaycanda, “Neftçi”də tapdı. Onun bunadək titulları 2 il dalbadal (2001, 02-ci illər) “Şalke” ilə Almaniya kubokunu qazanması olub.

Qeyd edək ki, “Neftçi”nin braziliyalı futbolçuları Denis Silva, Alessandro Vyana da Silva, Flavinyo və Rodriqinyonun karyeraları daha çox vətənləri ilə bağlı olub və onlar Braziliya çempionluğunu qazanmayıblar.

Mehman SÜLEYMANOV