“Milan”ın vitse-prezidentindən Sadıq Sadıqova məktub - FOTO
03.05.2011 - 11:44
“Milan”ın vitse-prezidentindən Sadıq Sadıqova məktub -  FOTO
İtaliyanın məşhur “Milan” klubu “Neftçi”nin Azərbaycan çempionu olmasına biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, planetin ən nəhəng komandalarından biri “ağ-qaralar”ı təbrik etməyi lazım bilib.

Belə ki, "Milan"ın vitse-prezidenti Adriano Qallianinin imzası ilə "Neftçi"nın prezidenti Sadıq Sadıqova məktub göndərilib: "A.C. Milan" ailəsi adından Sizi 6-cı dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik".
Qeyd edək ki, "Milan" dünyanın ən titullu klublarından biridir. 1899-cu ildə əsası qoyulan bu komanda 17 dəfə İtaliya çempionu, 5 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya Superkuboku, 7 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Superkuboku və 2 dəfə UEFA Kuboklar Kubokunun qalibi olub. Bundan başqa, Milan şəhərinin eyniadlı təmsilçisi 2007-ci ildə FİFA klublararası dünya çempionatında da qızıl medallara sahib çıxıb.