“İnter” və “Xəzər Lənkəran” 3 ildən sonra yenə finalda
04.05.2011 - 18:51
“İnter” və “Xəzər Lənkəran” 3 ildən sonra yenə finalda
Bu gün NBC Bank Azərbaycan kubokunda cavab yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, mayın 24-də finalda görüşəcək komandaların “Xəzər Lənkəran”la “İnter”in olduğu müəyyənləşdi.

“İnter” AZAL-la oyunun 2-ci dəqiqəsində gürcü yarımmüdafiəçisi David Odikadzenin dəqiq zərbəsi ilə cütün taleyini həll etdi və bu, oyunda yeganə qol oldu.

Tofiq Bəhramov adına Respublika stadionunda isə hər 3 qol 2-ci hissədə vuruldu. “Bakı” ötən mövsümün finalında olduğu kimi, həmin arenada “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlsə də, bu dəfə onun faydasını görməyib. Çünki kubokda hesab 2 oyunun yekununa görə bərabər olan zaman səfərdə qol vuran komanda üstünlük qazanır. Bu, lənkəranlıları ardıcıl 2-ci mövsüm finala çıxardı.

Qeyd edək ki, “Xəzər Lənkəran”la “İnter” indiyə kimi kubokun finalında görüşüb. Cənublular 2008-ci ildə Respublika stadionunda oyunun əlavə vaxtında artıq sıralarında olmayan braziliyalı yarımmüdafiəçisi Juninyo Osvaldonun vurduğu 2 qolla qalib olmuşdu.


4 may

“Bakı” – “Xəzər Lənkəran” - 2:1
QOLLAR: Leandro Roşa, 49; Fabio Luis Ramin, 85 (p) - Rahid Əmirquliyev, 56
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

AZAL – “İnter” -0:1
QOL: David Odikadze, 2
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Rəhim Həsənov
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
İlk oyun – 0:0