Makedoniyalılarla 5-ci duel: Ponomaryovla başladı, Foqtsla davam edir
04.05.2011 - 11:37
Makedoniyalılarla 5-ci duel: Ponomaryovla başladı, Foqtsla davam edir
Avqustun 10-da Makedoniya ilə qarşılaşacaq Azərbaycan yığması tarixində 5-ci dəfə bu ölkənin komandasına rəqib olacaq. Apasport.az saytının məlumatına görə, ötən əsrin 90-cı illərində müstəqilik əldə etməklə beynəlxalq arenaya çıxan ölkə təmsilçiləri indiyədək 4 dəfə üz-üzə gəliblər.

“Bakı”nın “sükanı arxası”nda Azərbaycan çempionu titulunu qazanıb, indi “Simurq”da işləyən Qyoko Hacıyevskinin də vaxtilə çalışdırdığı Makedoniya yığması millimizlə görüşlərdə daha üstün balansa malikdir. Balkanlılar bu üstünlüyü elə ilk matçdan ələ keçiriblər. 2000-ci il iyulun 27-də Bolqarıstanın Varna şəhərində baş tutan yoldaşlıq görüşündə rəqib qalib gəlib - 2:1. Komandamızın yeganə qolunun müəllifi hazırda Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi olan Ramiz Məmmədov vurmuşdu.

Cəmi 3 ay sonra rəqiblər DÇ-2002-nin seçmə mərhələsində üz-üzə gəliblər. Oktyabrın 6-da Skopyedə keçirilən görüşdə meydan sahibləri 3:0 hesablı qələbəni bayram ediblər. 2001-ci il sentyabrın 5-də baş tutan matçda isə komandamız Fərrux İsmayılovun qolu sayəsində “Şəfa” stadionunu alnıaçıq tərk edə bilib – 1:1. Hər 3 görüşdə komandamızın baş məşqçi postunda İqor Ponomaryov dururdu.

Makedoniyalılarla növbəti dueli təxminən 9 il gözləmək lazım gəldi. 2010-cu il mayın 29-da Avstriyanın Bişofshofen şəhərində baş tutan qarşılaşmada 4 qol vurulub. Komandaların hərəyə 2 dəfə fərqlənsə də, Rəşad Sadiqov avtoqol sahibi olmuşdu. Hesab 3:0 olarkən Berti Foqtsun yetirmələrini böyük hesablı məğlubiyyətdən Elvin Məmmədov xilas edib – 3:1.

Əsas yığmamızın 4 dəfə qarşılaşıb, 1 dəfə heç-heçə etdiyi makedoniyalılarla qarşılaşmalarda top fərqi 3-9-dur.

Qeyd edək ki, Azərbaycan və Makedoniya təmsilçiləri digər yığmalar – U-21, U-19, U-17 səviyyəsində, həmçinin avrokuboklarda da dəfələrlə üz-üzə gəliblər.