Makedoniya futbolunun Azərbaycan əfsanələri
04.05.2011 - 12:23
Makedoniya futbolunun Azərbaycan əfsanələri
Bu il avqustun 10-da keçiriləcək yoldaşlıq oyununda Azərbaycan millisinin rəqibi olacaq Makedoniya yığmasının futbolçuları üçün ölkəmiz tanış məkandır. Apasport.az saytının məlumatına görə, futbolumuzda çiçəklənmənin başladığı 2004-cü ildən vüsət alan legioner axını makedoniyalıları da Azərbaycana gətirdi.

Klublarımızda ilk makedoniyalılar 2005/06 mövsümündə peyda oldu. Bu ölkədə təlim-məşq toplanışı keçən “MKT-Araz” Zoran Baldovaliyev və Zoran Sterjovskini “kəşf etdi”. Sonuncu uğursuzluğa düçar oldusa, Baldovaliyev ölkəsinin U-21 yığmasındakı parlaq oyununu İmişli təmsilçisində də göstərdi. Sonra vətəninə yollanan hücumçu ölkəsinin əsas millisində oynasa belə, tezliklə söndü.

Həmin vaxtdan bir çox makedoniyalı futbolçu ölkəmizə üz tutdu. Onlar arasında tanınanlar da oldu, tanınmayanlar da. Hər 2 ölkənin yığmasını çalışdırmış Qyoko Hacıyevskinin “Bakı” ilə Azərbaycan çempionu olduğu vaxt Draqan Naçevski, bu il isə “Neftçi”də oynayan İqor Mitreski ilə Slavço Georgiyevski qızıl medalları qazanıb. “İnter”li Filip Despotovski də yığmada oynamaqla yanaşı, Azərbaycan klubunda titula sevinib. O, bu ilin yanvarında Rusiyada “Birlik kuboku”nun qalibi olub. Bu “dördlük”dən yalnız Draqan yığmaya çağırılmır.

Naçevski kimi vətənində o qədər də tanınmayan bir çoxları klublarımıza gəlib-gedib. Belələrindən sonuncusu kimi əfsanəvi Qoran Pandevin qardaşı Saşkonu qeyd etmək olar. O, Salyanın “Muğan” klubunda heyətə düşməkdə belə çətinlik çəkir.

Karyerasında Azərbaycan klubu olan makedoniyalılardan üçünün personası üzərində isə xüsusi dayanmaq lazımdır. Bunlar öz ölkələrində əfsanələşən simalardır. Söhbət Artim Şakiri, Georgi Xristov və İqor Mitreskidən gedir.

1996-2006-cı illərdə Makedoniya yığmasında 73 oyun keçirən Artim bu göstəricidə millisinin tarixində 2-ci futbolçudur. Yalnız Qoçe Sedloskidən geri qalan yarımmüdafiəçi “Qarabağ”a karyerasının qürub çağında gəlib, amma 2008/09 mövsümündə nəyə qadir olduğunu göstərə bilib. Millidə vurduğu 15 qolla da liderlər sırasındadır. Makedoniya yığmasında yalnız 2 oyunçu daha çox qol vurub.

Makedoniya yığmasının tarixinin ən yaxşı bombardiri adını uzun illər özündə saxlayan Georgi Xristov yalnız bir neçə il əvvəl zirvəni əldən verdi. 1995-2005-ci illərdə 16 dəfə fərqlənən hücumçu Artimi 1 top qabaqlayır. Liderdən – İtaliyanın “İnter” klubunda çıxış edən Qoran Pandevdən isə artıq çox – 7 qol geri qalır. Lakin onun “Bakı” karyerası uğursuz alınıb.

2008/09 mövsümünün ilk yarısında heyətə düşməkdə çətinlik çəkən Georgi heç yığmada da birgə çalışdığı Hacıyevskiyə belə lazım olmadı. Bu üzdən də çempionluq qazanılan mövsümü Azərbaycandan kənarda bitirdi.

Şakiri və Xristov kimi ölkəmizə karyerasının qürub çağında gələn daha bir əfsanə isə Mitreskidir. Lakin həmyerlilərindən fərqli, İqor hələ də milli komandaya çağırılır. Yığmada 70 oyuna 1 qol vuran müdafiəçi Artimə çatmaq arzusundadır. Oyun sayında 4-cü olan İqor 3 matç gerisində olduğu Şakiri ilə elə avqustun 10-a da bərabərləşə bilər. Lakin bunun üçün o, həm iyunun 4-də İrlandiya ilə seçmə oyununda və üstəlik daha 1 yoxlama matçında meydana çıxmalıdır.