Azərbaycanla oyundan fayda görən makedoniyalı futbolçular
04.05.2011 - 19:00
Azərbaycanla oyundan fayda görən makedoniyalı futbolçular
Makedoniya millisinin Azərbaycan yığması ilə son oyunu bir sıra futbolçularının karyeralarında yeni səhifə açdı. Apasport.az saytının məlumatına görə, müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevski ötən ilin mayın 29-da Avstriyadakı yoldaşlıq görüşündən sonra “Neftçi”də komanda yoldaşı oldular.

İqor həmin vaxt Bolqarıstan, Slavço Kiprdə top qovurdu. Dayaq yarımmüdafiəçisi axtaran “Neftçi”nin baş məşqçisi Arif Əsədov ona tövsiyə edilən Georgiyevskini izləmək üçün Avstriyaya yollandı və onu bəyəndi. Slavço bundan az sonra Bakıya gələrək, müqavilə bağladı və “Neftçi”nin tarixinə ilk makedoniyalı kimi düşdü.

Azərbaycanla görüşə millisini kapitan kimi çıxaran Mitreskinin keçidi isə komanda Türkiyənin Bolu şəhərində keçən zamanı reallaşdı. Moskva “Spartak”ında çıxışı ilə tanınan təcrübəli müdafiəçi komandamızı Sofiya MOİK-indən üstün tutdu. Mitreski ilə Georgiyevski həmin oyunda rəqibləri Ruslan Abışov, Amit Quluzadə, Fərid Quliyevlə az sonra “Neftçi”də komanda yoldaşı oldular. “Ağ-qaralar”ın kapitanı Rail Məlikovla Ruslan Əmircanov da millimizin üzvləri olaraq makedoniyalılarla birgə oynayırlar. “İnter”in milliləşdirilən ukraynalıları Vladimir Levinlə Aleksandr Çertoqanov Despotovski ilə Avstriyada rəqib, daha sonra komanda yoldaşı oldular.

Mitreskinin yığmada komanda yoldaşı, müdafiədə birgə oynadığı Qoran Popov üçün də yığmamızla oyun düşərli oldu. Belə ki, həmin yoldaşlıq görüşündə ukraynalı seleksiyaçıların diqqətini cəlb edən Popov Kiyev “Dinamo”suna transfer oldu. Özü də onun uğrunda Ukraynanın 2 nəhəng klubu – “Dinamo” və “Şaxtyor” mübarizə aparırdı. Donetsklilərin seleksiyaçıları Qoranın oyununu izləsə də, futbolçu onların prinsipial rəqibinə üstünlük verdi. Müdafiəçi bunu “Dinamo”nun prezidenti İqor Surkislə görüşə kimi heç bir klubla nəinki müqavilə bağlayacağına, hətta danışıq aparmayacağına söz verməsi ilə əsaslandırdı. Popov indiyə kimi bir neçə müsahibələrində Azərbaycanla oyunun karyerasında dəyişiklik etməsini bildirməklə, yığmamızla oyunu unutmadığını göstərib.

Rəqibin əsas heyətdə meydana çıxan daha bir futbolçusu Filip Despotovski də həmin yoldaşlıq görüşündə iştirak etsə də, onda karyerasını ölkəmizdə davam etdirmək variantı yox idi. Yarımmüdafiəçi yay “transfer pəncərəsi”nin sonuna az qalmış keçdiyi Bakının “İnter” klubunun heyətində bu ilin yanvarda Sankt-Peterburqda “Birlik kuboku”nun qalibi oldu. Despotovski millimizlə görüşün 2-ci hissəsində həm yaxşı, həm də pis mənada fərqləndi. Belə ki, 65-ci dəqiqədə məhz onun ötürməsindən sonra kapitanımız Rəşad Sadıqov avtoqol etmiş və rəqib hesabı 2:0-a yüksəltdi. Ancaq bundan 15 dəqiqə sonra Filip avstriyalı hakim Ditmar Drabek tərəfindən sarı vərəqə ilə cəzalandı.

Azərbaycanla oyunda Makedoniya yığması üçün tarixi hadisə də baş verdi. Belə ki, Mitreski 2-ci hissənin əvvəlində Qoçe Sedloski ilə əvəzləndi. Bununla da əsas kapitan olan Sedloski Makedoniya millisində 100-cü oyun keçirən ilk futbolçu kimi tarixə düşdü.

Mehman SÜLEYMANOV