“Bu qarşılaşmanın ssenarisi başqa cür olmalı idi” - MÜSAHİBƏ
06.05.2011 - 13:39
“Bu qarşılaşmanın ssenarisi başqa cür olmalı idi” - MÜSAHİBƏ
Bakının “İnter” klubunun kapitanı Vladimir Levinin müsahibəsi

- AZAL-la oyun kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandaya qəlib gəlmək və kubokun finalına yüksəlmək müyəssər oldu. Bu qarşılaşma barədə fikirlərinizi bilmək istərdik...
- Səmimi deyim ki, bu oyun bizim üçün çox vacib idi. Bizə təxminən iki ay ərzində qalib gəlmək müyəssər olmurdu. Hazırda məni qələbənin yalnız müsbət emosiyaları və sevinci əhatə edir. İndi Azərbaycan kubokunda uğur üçün bizə bir addım atmaq qalır.

- Rəqib belə başlanğıc gözləmirdi. Sürətli qolun vurulması komandanın qalib gəlməsində vacib rol oynaması fikri ilə razısınız?
- Müəyyən qədər razıyam. Axı, buraxılmış qoldan sonra AZAL bizə açıq zona qoyaraq hücum etməyə məcbur oldu. Bunun nəticəsində də bizim qol vəziyyətlərimiz yarandı, komanda yenə də qol vura və üstünlüyü artıra bilərdi.

- Bu qələbə həm də onunla əlamətdardır ki, cari mövsümdə AZAL “İnter” üçün keçilməz maneəyə çevrilmişdi. Bu matçadək keçirilmiş 4 qarşılaşmada “İnter” bu komandaya qalib gələ bilmirdi...
- Bəli, hətta deyərdim ki, bu ildə bizim AZAL sindromu yaranmışdı. Biz heç cür ona üstün gələ bilmirdik, lakin hər şeyin bir sonu var. Yaxşı ki, bu komandanı belə vacib qarşılaşmada məğlub etməyi bacardıq. Qeyd etmək istəyirəm ki, əvvəlki matçlarda da biz bu komandadan heç nədə geri qalmırdıq, hətta bəzi matçlarda üstünlüyə sahib olmuşduq. Xatırlayırsınızsa, 0:5 hesablı məğlub olduğumuz matçın birinci hissəsi heç-heçə başa çatmışdı və həmin hissədə biz çox sayda qol vəziyyətlərindən istifadə edə bilməmişdik. Yəni bu qarşılaşmanın ssenarisi başqa cür olmalı idi.

- Komanda kubokun finalına yüksəldi və bu mərhələdə sizi “Xəzər-Lənkəran”la oyun gözləyir. Bu oyun və rəqib barədə nə deyə bilərsiniz?
- Bizi çox mürəkkəb oyun gözləyir. Düşünürəm ki, matç çox parlaq və baxımlı olacaq. Hər iki komanda kuboku qazanmağa layiqdir, lakin mükafatı finalçılardan biri alacaq. Buna görə də, demək istəyirəm ki, qoy, güclü qalib gəlsin!

Mənbə: klubun saytı