“Oyun bizim üçün artıq 30-cu dəqiqədə bitdi”
07.05.2011 - 18:46
“Oyun bizim üçün artıq 30-cu dəqiqədə bitdi”
“Oyun bizim üçün artıq 30-cu dəqiqədə bitdi. Əli Bağırovun lazımsız yerə iki sarı vərəqə alması və meydandan qovulması, oyunu tamam dəyişdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski MOİK-lə Premyer Liqa matçından sonra deyib.

Artıq I diviziona düşəcəyi rəsmiləşən Zaqatala təmsilçisinin çalışdırıcısı bildirib ki, azlıqda qalan epizodadək komandası üstünlüyə malik idi: “Həmin ana kimi üstünlük bizdə idi. Lakin bu dəfə də hissənin sonlarında qol buraxdıq. İkinci hissədə hücumçuların sayını artırdıq. Lakin 10 nəfərlə qol vurmaq çətindir. Bu gün nəticə qazanacağımıza əmin idim".

Hacıyevskinin həmkarı Ramil Əliyev isə bildirib ki, məqsədləri turnir cədvəlinin son pilləsindən qurtulmaqdır: “Sırf nəticəyə oynadıq, bizə 3 xal lazım idi. Vurduğumuz qoldan sonra müdafiəyə çəkildik, hesabı qoruduq. Əks-hücum taktikası seçmişdik, təəssüf ki, hücumçularımız bir neçə qol imkanından yararlana bilmədi”.