Vaqif Cavadov: “Tvente”yə qayıdıram
08.05.2011 - 10:00
Vaqif Cavadov: “Tvente”yə qayıdıram
“Bakı” klubunun Hollandiyanın “Tvente” komandasından icarəyə götürdüyü Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Komandanız “altılıq”da ilk qələbəsini AZAL-la görüşdə qazandı. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu oyunda qələbə qazanmaq vacib idi. Komanda uzun zaman idi çempionatda qələbə qazana bilmirdi. Uğursuz oyunlar keçirdik. Ancaq son 2 matçımızı qalib kimi tamamladıq. Komanda öz oyununu tapmağa başlayıb. Artıq qollar da vururuq. Yenə çalışmalı, gələn mövsümə hazırlaşmalıyıq. Hər şeyin qaydasına düşəcəyinə inanıram.

- Ancaq turnir cədvəli baxımından bu qələbənin heç bir dəyəri yox idi. Futbolçular bu qələbəyə sevinə bilirlərmi?
- Aydın məsələdir ki, turnir cədvəli baxımından bu qələbənin heç bir faydası yoxdur. Ancaq qələbə, qələbədir və biz hər oyuna bu istəklə çıxırıq. Əslində, bu oyunda 3 xal AZAL-a hava-su kimi lazım idi. Ancaq biz onlara sevinmək imkanı vermədik. Çoxları oyundan öncə “Bakı”nın uduzacağını düşünürdü.

- Yəni, bu qələbə ilə klub ətrafında dolaşa biləcək xoşagəlməz söz-söhbətin qarşısını aldığını düşünürsünüz?
- Oyuna o məqsədlə çıxmamışdıq. Uduzsaydıq, müəyyən söz-söhbət yayılacaqdı. Çünki turnir cədvəli baxımından bu qələbənin “Bakı”ya heç bir faydası yoxdur. Ancaq biz klubun imicini qorumağa çalışdıq. İnşallah, bundan sonrakı oyunları da qələbə ilə başa vuracağıq.

- “Bakı” bu qədər transferlərin qarşılığında mövsümü titulsuz başa vurmaqla yanaşı, avrokuboklara da vəsiqə qazana bilmədi. Bu uğursuzluğu nə ilə izah edə bilərsiniz?
- Buna çox üzülürük. “Bakı” çempionatın iddialı klublarından biridir. Təəssüf ki, həm çempionatda, həm də kubokda uğursuzluğa düçar olduq. Futbolda belə şeylər də olur. Yeni mövsümü düşünmək lazımdır.

- Klubla müqavilənizin müddəti başa çatır. Planlarınız necədir: “Bakı”da qalacaqsınız, yoxsa başqa kluba keçəcəksiniz?
- Hələ heç nə bilinmir. Mövsüm başa çatdıqdan sonra bu məsələyə qayıdacağıq. Ancaq mən “Tvente”nin düşərgəsinə dönəcəyəm. Çünki müqavilə ilə bu kluba məxsusam. “Bakı”da icarə əsasında çıxış edirəm və ayın sonunda anlaşmamız başa çatır.

- Adınız bir neçə klubla, o cümlədən “Qəbələ” ilə birgə çəkilir. Bu komanda ilə danışıqlar aparırsınızmı?
- Transfer dövrü yaxınlaşdıqca bu cür söz-söhbətlərin yayılması gözləniləndir. Hələ heç bir klubla danışmamışam. Hər şey klubumun – “Tvente”nin qərarından asılı olacaq.

- “Tvente”yə dönəcəyinizi deyirsiniz. Reallığı nəzərə alsaq, sizin orda oynamaq şansınız demək olar yoxdur. Belə olan təqdirdə yenidən Azərbaycan klublarından birini seçəcəksiniz...
- Bilmək olmaz. Klub hansı komandaya verəcək, artıq bu orda müəyyənləşəcək. Hər şey ola bilər, həyadır. Mövsümün sonunu gözləmək lazımdır.