“Beşiktaş” Nihat Kahveçi ilə müqaviləni pozdu
18.05.2011 - 14:44
“Beşiktaş” Nihat Kahveçi ilə müqaviləni pozdu
Türkiyə yığmasının futbolçusu Nihat Kahveçi yenidən “Beşiktaş” klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, “Qara Qartallar” 32 yaşlı hücumçu ilə yollarını ayırmağı üstün tutub. Rəhbərlik Nihatla müqaviləni qarşılıqlı razılıqla pozub.

Superliqanın XXX turunda “Konyaspor”la oyunda öncə komanda yoldaşı Rikardo Kuaresma, görüşdən sonra jurnalist Turqay Dəmirlə dava edən Kahveçi gözdən düşdü. Klub rəhbərliyi onsuz da daha çox ehtiyatda qalan futbolçunu saxlamağı lazım bilməyib.

Qeyd edək ki, Nihat “Beşiktaş”da ilk dönəmi (1996-2001-ci illər, 114 oyuna 23 qol) çox uğurlu olmuşdu. Oradan 5 milyona avroya “Real Sosyedad”a transfer olunan hücumçu İspaniyada “Vilyarreal” klubunda da oynadı. 2008-ci ildə yığmanın heyətində Avropa çempionatının bürünc medal qazanmasında böyük əməyi olan Kahveçi 7 ildən sonra vətənə döndü.

Ancaq “Beşiktaş”ın “Vilyarreal”a ödədiyi 15 milyon avronun qarşılığını verə bilmədi. Nihat 2 mövsümdə komandada ümumilikdə 52 oyuna 9 qol vurdu.
0