“Popoviç “Fortuna”nın baş məşqçisinin ondan xoşu gəlmədiyini dedi”
18.05.2011 - 17:04
“Popoviç “Fortuna”nın baş məşqçisinin ondan xoşu gəlmədiyini dedi”
“Çempionat başa çatdıqdan sonra futbolçuları istirahətə buraxdıq. Mayın 21-də komanda üçün banket təşkil ediləcək və hamımız orda bir araya gələcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan çempionatının I divizionunun qalibi olan “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

Keçirdiyi 26 oyunun heç birində məğlub olmayan paytaxt təmsilçisi artıq gələn mövsümdən Premyer Liqada mübarizə aparacaq. Mövsümü yerli futbolçularla keçirən “Abşeron” bu ənənəsini elitada da davam etdirmək niyyətindədir.

Çempionat bitəndən sonra icarəyə əsasında heyətə cəlb edilən oyunçuları klublarına yola salan İsayev onlardan cavab gözləmələrini istəyib: “Çempionat qurtardıqdan sonra icarəyə götürdüyümüz futbolçuları klublarına yola saldıq. Onlar gəldikləri kluba dönməyə borcludurlar. Kimlərin xidmətinə ehtiyac duysaq, klub rəhbərliyi səviyyəsində danışıqlar olacaq. Yeri gəlmişkən, həmin klubların rəhbərlərinə təşəkkürümü bildirirəm. Onlar bizə futbolçu ilə kömək etdilər, biz də oyunçuların özlərini göstərmələrinə şərait yaratdıq”.

Gələn ay “Abşeron”la müqaviləsi bitəcək baş məşqçi hələ klub rəhbərliyi ilə görüşmədiyini də qeyd edib: “Hələ klub rəhbərliyi ilə danışmamışıq. Əlbəttə, müəyyən şərtlər olacaq”.

Bir müddət əvvəl Almaniyanın “Fortuna” klubuna baxışa yollanan “Abşeron”un qapıçısı Andrey Popoviçin II Bundesliqa təmsilçisinə keçidi deyəsən, alınmayacaq. İsayevin sözlərinə görə, gənc futbolçu oradakı münasibətdən bunu hiss edib: “Popoviç dedi ki, “Fortuna”nın baş məşqçisinin ilk gündən ondan xoşu gəlməyib. Mən də qapıçımızın ruhdan düşməməyi üçün ona ürək-dirək verdim. Popoviç hazırda Ukraynadadır. O, orda təhsil aldığından, imtahanlarla əlaqədar yollanıb”.

Qeyd edək ki, Popoviç milliləşdirilən ukraynalı futbolçudur.