Kaxaber Sxadadze: Bizə qələbə daha çox lazım idi
18.05.2011 - 17:24
Kaxaber Sxadadze: Bizə qələbə daha çox lazım idi
“Bizə 3 xal qazanmaq çox vacib idi. Sevinirəm ki, buna nail ola bildik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Azərbaycan Premyer Liqasının son turunda bu gün səfərdə “Bakı”ya 1:0 hesabı ilə qalib gələn son çempion 4-cü pilləyə yüksəldi və Avroliqaya yollanmaq şansını artırdı.

Sxadadzenin sözlərinə görə, qələbəyə çox istəkli olmaları oyunun taleyini həll edib: “Biz psixoloji planda, motivasiya baxımından rəqibdən üstün idik. Çünki “Bakı” ilə müqayisədə bizə qələbə daha çox lazım idi. Hər 2 komanda qol imkanları yaratdı. Bizim 2 yaxşı şansımız oldu. Rəqibdən fərqli qol vəziyyətdən istifadə edərək, nəticə qazana bildik”.

Gürcü çalışdırıcı oyunun 2-ci hissəsindəki əvəzetmələri haqda da danışıb: “Bakı” bəzi epizodlarda qapımız qarşısında gərginlik yaradırdı. Kapitanımız Vladimir Levini 2-ci hissədə meydana buraxmaqla, müdafiə xəttimizdə boşluqları aradan qaldıra bildik. Fikrimcə, bu oyunda həlledici an oldu. Əfsuslar ki, Asif Məmmədovu fasilədə əvəzləməli olduq. Asif ilk hissədə ötürmələri ilə “Bakı”nın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı və məhsuldar ötürmə müəllifi oldu. Ancaq ayağında ağrılar olduğundan, oyunu davam etdirə bilmədi”.