Aleksandr Starkov azarkeşlərdən üzr istədi
18.05.2011 - 17:52
Aleksandr Starkov azarkeşlərdən üzr istədi
“Bu oyun “İnter”ə vacib olduğu qədər bizim üçün də önəmli idi. Bərabər səviyyəli oyun getdi. Təxmini eyni qol imkanlarımız oldu, lakin biz istifadə edə bilmədik. Rəqibimiz isə istifadə edərək, layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Qış fasiləsində komandanın sükanı arxasında almaniyalı Vinfred Şaferi əvəzləyən Latviya yığmasının çalışdırıcısı Premyer Liqamızı 6-cı yerdə bitirdi. Ölkə kubokunda yarımfinala kimi irəliləyən Starkovun komandası mövsümü evdə “İnter”ə 0:1 hesablı məğlubiyyətlə bitirdi.
Rəqibi qələbə münasibətilə təbrik edən Starkovun sözlərinə görə, komandalar arasında motivasiya fərqi hiss olunurdu. Təcrübəli mütəxəssis növbəti mövsümə ümidlə baxır: “Cari mövsümdə problemlərimiz oldu. Bu, mövsümün əvvəlindən sonuna kimi davam etdi. Azarkeşlərimizdən bütün mövsümə görə üzr istəmək istəyirəm. Hesab edirəm ki, gələn mövsümdə problemlərimizi aradan qaldıracağıq və bunlar arxada qalacaq. Azarkeşlərimizi və klubumuzu layiq olduğu yerlərə qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.
0