Milli komandamızın sabiq qapıçısı 399-da qaldı - FOTO
19.05.2011 - 16:42
Milli komandamızın sabiq qapıçısı 399-da qaldı - FOTO
“Qəbələ” klubunun Azərbaycan Premyer Liqasının cari mövsümündə 2-ci “quru seriyası” qırıldı. Apasport.az saytının hesablamalarına görə, 2-ci “altılığ”ın lideri 613 dəqiqədən sonra qapısında qol gördü.

Bu, “Şəfa” stadionunda “Muğan”la oyunun 39-cu dəqiqəsində rəqibin isveçli hücumçu Con Pelunun sayəsində reallaşdı.

Sonuncu dəfə aprelin 2-də XXV turun “Gəncə” ilə ev oyununda braziliyalı hücumçu Junivan Suaresin qoluna üzülən qəbələlilər həmin vaxtdan sonra 6 oyundur öz qapılarını toxunulmaz saxlaya bildilər. Bu uğurlu seriyada isə 1 deyil, 3 qapıçının əməyi vardı.

Sadəcə, 613 dəqiqənin 399-u hazırda “Qəbələ”nin “çərçivəsi”ni qoruyan Anar Nəzirovun payına düşür. Göründüyü kimi, Pelu Nəzirovu 400-ə çatmağa qoymadı. Bugünkü görüşü cəza üzündən buraxan latviyalı Pavel Doroşev 155, Elnar Kərimov 59 dəqiqə “quru seriya”ya malik oldu.

Vaxtilə milli komandamıza cəlb edilən Anarın seriyası hələ ötən mövsümdən başlamışdı. Həmin vaxt “Standard”da oynayan gənc qapıçı sonuncu dəfə 2010-cu il martın 20-də “Turan”la qapısında qol görmüşdü. Onda da Anarı legioner hücumçu, nigeriyalı Peter Kolevole məyus etmişdi.

O, həmin oyunun 90+4-cü dəqiqəsindən bu yana 490 dəqiqədir qol buraxmırdı. Doroşevin qırmızı vərəqə alması Nəzirovun meydana çıxaraq, mövsümün seriyaları sırasında daha da irəliləməsinə imkan verdi. Ancaq Anar yalnız AZAL-dakı təcrübəli həmkarı, millimizin sabiq qapıçısı Cahangir Həsənzadəni arxada qoydu.

Qeyd edək ki, cari çempionatda “quru seriya”lar üzrə rekord 11 görüşdə qol buraxmayan Doroşevə məxsus oldu.


Premyer Liqada mövsümün ən uzun 7 quru seriyası

1. Pavel Doroşev (“Qəbələ”) – 952
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Rauf Mehdiyev (“Neftçi”) – 553
5. Anar Nəzirov (“Qəbələ”) - 490
6. Cahangir Həsənzadə (AZAL) – 455
7. Rauf Mehdiyev (“Neftçi”) – 432

Mehman SÜLEYMANOV