Fərhad Vəliyev: Yalnız məni günahlandırmaq olmaz
19.05.2011 - 20:25
Fərhad Vəliyev: Yalnız məni günahlandırmaq olmaz
“Xəzər Lənkəran”ın “Neftçi” ilə oyunda büdrəyəcəyini gözləyirdik. Ona görə də AZAL-ı udub, çempionatı ikinci pillədə başa vurmaq istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.

Mövsümü məğlubiyyətlə qapayan “Qarabağ” AZAL-ın 3 qol vurmasına mane ola bilmədi. Oyuna üstün başlayan Qurban Qurbanovun yetirmələri fasiləyə yaxın 2 dəqiqə ərzində qapısından 2 top buraxıb.

“Təyyarəçilər” bununla da oyunun taleyinin həll ediblər. Məğlubiyyət “Qarabağ”ın bürüncün gümüş medala çevirməsinə imkan verməyib. Qapıçı öz səhvlərindən məğlub olduqlarını deyib: “Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə oyunu dəyişmək istədik. Qol vurmaq üçün imkanımız olsa da, istifadə edə bilmədik. Artıq irəli baxmalıyıq. Qarşıda bizi avrokuboklar gözləyir. Yaxşı hazırlaşmalıyıq”.

Oyundan öncə mətbuata açıqlamasında baş məşqçi Qurban Qurbanov gümüşlə bürünc medal arasında hansısa ciddi fərq görmədiyini açıqlamışdı. Bəs, bunun futbolçulara təsiri olubmu?
Vəliyev çempionatı qələbə ilə bitirmək istəyi ilə meydana çıxdıqlarını vurğulayıb. O, buraxılan qollarda təkcə qapıçının deyil, ümumi komandanın səhvə yol verdiyini bildirib: “Qol buraxırıqsa, komandanın səhvidir. Yalnız qapıçını günahlandırmaq olmaz. Düzdür, qapıçının da səhvi olur. Ancaq futbol kollektiv oyundur”.

Bir müddət fasilədən sonra yenidən yığmaya cəlb edilən qapıçı oynamağa hazır olsa da, oyun praktikası baxımından əziyyət çəkdiyini gizlətməyib: “Yığmada yaxşı tərəfdən fərqlənmək üçün əlimdən gələni edəcəm. Özümü oynamağa hazır sayıram. Oyun təcrübəsi baxımından hardasa axsadığını istisna etmirəm. Çünki bir müddət ehtiyatda qaldım. Ancaq tədricən bunun düzələcəyini düşünürəm”.