“Biri pul məsələsində aranı qarışdırmışdı, onu da komandadan qovduq” - MÜSAHİBƏ
19.05.2011 - 23:10
“Biri pul məsələsində aranı qarışdırmışdı, onu da komandadan qovduq” - MÜSAHİBƏ
AZAL futbol klubunun prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi


- Mövsümü qələbə ilə başa vurdunuz. Həm son oyun, həm də başa çatan mövsüm haqda fikirlərinizi bilmək istərdik...
- “Qarabağ”la oyundan çox şey asılı idi. Çünki cari mövsümdə çox əziyyət çəkmişik. Komanda çempionata yaxşı başlasa da, sonradan durğunluq dövrü yaşadı. Buna baxmayaraq, hər şeyin yaxşı qurtardığını düşünürəm. “Qarabağ”la matçda bir neçə əsas futbolçumuz müxtəlif səbəblərdən meydana çıxmamışdı. Ancaq biz öz oyunumuzu nümayiş etdirdik. Hakimliklə bağlı danışmaq istəmirəm. Buna mətbuat qiymət versin. Bir də görürsən ki, biri kənardan deyir ki, AZAL hakimləri aldı, nə bilim oyunu aldı. Allaha şükür, hər şey ortadadır. Baxın, görün bizə kömək eləyən var, ya yox.

- Bəs çempionatı dördüncü yerdə bitirməyiniz sizi qane etdimi?
- Ötən il yeddinci pillədə qərarlaşmışdıq. Heç ilk “altılığ”a vəsiqə qazana bilməmişdik. Cari çempionatı isə dördüncü pillədə qapadıq. Fərq ortadadır. Ancaq bizim ilk gündən məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olub. Hələ ki şansımız var. Sonuncu vəsiqə uğrunda mübarizədə “İnter”lə bizim şansımız 50-nin 50-yədir. Kimin bəxti gətirsə, vəsiqəni o qazanacaq.

- Kubokun final oyununda “Xəzər Lənkəran”a azarkeşlik edəcəksiniz?
- Mütləq.

- Mövsüm yekunlaşdığı üçün bir neçə futbolçu ilə, o cümlədən, baş məşqçi Nazim Süleymanovla anlaşmanın müddəti başa çatır. Onlarla nə vaxt masa arxasına əyləşəcəksiniz?
- Hələ heç kimlə söhbətimiz olmayıb. Əksər futbolçularımızın klubla 2-2,5 il müddətinə anlaşması var. 3-4 nəfərin müqaviləsi başa çatıb. Heç kimlə əlaqəni kəsmirik. Çünki avrokuboklara vəsiqə qazansaq, mənə oyunçu lazım olacaq. Bu məsələlərə sonra baxılacaq. Komandanı gücləndirmək məqsədi ilə danışıq apardığımız futbolçular var. Artıq 2 azərbaycanlı futbolçu ilə razılıq əldə etmişik. Adlarını hələ açıqlamayacağam. Onlardan başqa, 4 nəfər də əvəzedici komandamızdan əsas heyətə futbolçu dəvət edəcəyik. Komandada yerli oyunçuların sayını artırmağa çalışacağıq.

- Nazim Süleymanovun əvəzinə əcnəbi məşqçinin cəlb edilməsi nə dərəcədə realdır?
- Əsası olmayan söz-söhbətlərdir. Nə olacaq, necə olacaq, heç nə bilinmir.

- Komandanın hazırlıq planı necə, məlumdur?
- Mayın 24-dən sonra hər şey açıqlanacaq. İndi futbolçuları vaxt itirmədən vətənlərinə yola salırıq ki, bir az dincəlsinlər. Həqiqətən də çox oyun keçirdik. Həm çempionat, həm də kubok matçları oynadıq. Hardasa mövsüm ərzində 40-a yaxın görüş keçirdik. Yavaş-yavaş yorğunluq hiss edilir. “Qarabağ”la oyunda məğlub durumdan qələbə qazanmağımız komandada potensialın, iradənin olduğunu göstərdi. “Qarabağ” əla komandadır, AZAL-dan sonra onlara azarkeşlik edirəm. Elə oldu ki, sonuncu turda onlarla qarşılaşdıq. Bu görüşdə onlar da qələbə qazana bilərdi. Biz rəqibdən çox üstün deyildik. Bəxtimiz gətirdi, qələbə qazandıq. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayırıq. Avropada üzümüzü onlar ağ eləyiblər, bu dəfə qrup mərhələsinə düşmələrini istəyirəm.

- Elə oyunlar oldu ki, futbolçular meydanda sanki sürünürdülər. Ancaq son turda onları tam fərqli istəkdə gördük. Bunu həmin futbolçuların klubla müqaviləsini yeniləmək üçün dəridən-qabıqdan çıxması kimi xarakterizə etmək olarmı?
- İki gündür onlarla söhbət edirik. Ortada nəsə nizamsızlıq oldu. Bir nəfər pul məsələsində aranı qarışdırmışdı, onu da qovduq. Adını çəkməyəcəm, legionerdir. Uşaqlarla sonra danışıb, hər şeyi qaydasına qoyduq.