Rəşad Sadiqov: “Qarabağ” güclənməlidir!
19.05.2011 - 23:14
Rəşad Sadiqov: “Qarabağ” güclənməlidir!
“Yaxşı bilirik ki, azarkeşlər avrokuboklarda komandamızdan çox şey gözləyirlər. Hətta “Qarabağ”ı UEFA komandası da hesab edirlər. Biz də maraqlıyıq ki, yaxşı nəticə qazanaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Premyer Liqanın sonuncu turunda AZAL-la məğlub olan “Qarabağ” mövsümü üçüncü sırada bitirməli oldu. Mövsümü komandası üçün uğursuz hesab edən yarımmüdafiəçisi bunun əvəzini qitə miqyaslı oyunlarda çıxacaqlarını, klub rəhbərliyini, eləcə də azarkeşləri sevindirəcəyini düşünür: “Kimsə üçüncü yeri tutmağımızı uğurlu nəticə saya bilər. Ancaq mənim üçün bu belə deyil. Çünki ötən mövsümü də üçüncü yerdə başa vurmuşduq. Çalışırdıq ki, heç olmasa gümüş medallara sahib çıxaq. Alınmadı. Avropa Liqasında bunun əvəzini çıxmağa çalışacağıq”.

Komandanın yeni futbolçuya ehtiyacı olduğunu düşünən Sadiqov fikrini belə əsaslandırıb: “Ola bilsin, son oyunlarda komanda yorğun olub. Əlbəttə, gücləndirməyə ehtiyac olacaq. Komandaya yeni ruh, nəfəs gətirən futbolçuya ehtiyac var”.

Bu arada millinin baş məşqçisi Berti Foqts tərəfindən yığmanın sabah start götürəcək təlim-məşq toplanışına dəvət edilən futbolçu bunu gözləyirmiş: “Mənim üçün sürpriz olmadı. Baş məşqçinin yığmaya çağıracağını hər an gözləyirdim. Əvvəllər də millinin formasını geyinmişəm. Ona görə nəyinsə gözlənilməz olduğunu deyə bilmərəm”.

Qarşıdakı rəsmi oyunların çətin keçəcəyini qeyd edən Sadiqov azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Əvvəlcədən hesab barədə nə isə demək mümkün deyil. Lakin əlimizdən gələni etməyə çalışacağıq. Çünki milli ölkəmizi təmsil edir, xalqın komandasıdır”.