Son söz sənindi, AFFA!
19.05.2011 - 23:22
Son söz sənindi, AFFA!
Artıq çempionluğu elan edən “Neftçi”nin neçənci dəfə qızıl medalçı olması bu gün hamını düşündürür, fikirləri haçalayır, tərəddüdlərə yol açır. 6, yoxsa 5 - bax, bunun dəqiq cavabını heç kim bilmir. 1992-ci ildən bu yana təşkil edilən və cəmi 18 dəfə baş tutan milli birinciliyin tarixinin belə qarışıq olmasının isə səbəbi var.

Hər şey başabəla 1996/97 mövsümündə oldu. Fuad Musayevin rəhbərlik etdiyi AFFA klubların əvəzedici heyətlərinin də çıxışının nəzərə alındığı və bonus xalların əsas komandanın nəticələrinə əlavə olunduğu çempionat keçirdi. Onda əsas heyətlərdə "Neftçi", əvəzedicilərin yarışında və ümumi nəticədə "Qarabağ" birinciliyi qazandı. Və bundan sonra ara qarışdı.

Bakılıların şikayətindən sonra məsələyə müdaxilə edən UEFA Çempionlar Liqasına məhz “ağ-qaralar”ı buraxdı ki, bu da çempion kimi məhz “Neftçi”nin tanınması demək idi. Ancaq təbii ki, AFFA öz versiyasını ləğv etmədi və daxildə məhz ağdamlıların qələbəsi qeydə alındı.

İndi hər dəfə çempionluq sayı haqqında müzakirələr başlayanda belə çaşqınlıq yaranır. "Neftçi" qızıl medalları öz adına çıxırsa, mükafatı rəsmən boynuna keçirən "Qarabağ" da özünü çempion sayır. Təbii ki, bu məsələyə AFFA nöqtə qoymalıdır.

Gəl ki, PFL prezidenti Ramin Musayev dəfələrlə açıqlamalarında "Neftçi"nin çempionluğunu qəbul etdiyini desə də, bunu rəsmiləşdirməyə cəsarəti çatmır.
Öz fikrimi yazmazdan öncə mütləq şəkildə onu qeyd edim ki, mənim üçün kiminsə çempionluğunun sayının artmasından önəmli olan ikifikirliliyə son qoyulması, hər şeyin dəqiq müəyyənləşməsidir. Çünki 1997-ci il elə də uzaq tarix deyil və onunla bağlı sualları dəqiqləşdirmək lazımdı.

Bundan başqa, çempionatın bu sistemlə keçiriləcəyini mövsümöncəsi bütün komandalar bilirdi. Deməli, hər kəs işini buna uyğun qurmalıydı. "Qarabağ" nizamnaməyə uyğun hərəkət edib ümumi məqsədə çatdısa, bunu bacarmayan "Neftçi" aranı qarışdırdı. O zaman Musayevin rəqibi olan rəhmətlik Rauf Adıgözəlovun diplomatik bacarığı sayəsində "Neftçi" Avropanın çempionlarının yarışında mübarizə apardı. Ancaq UEFA yalnız bakılıları yarışa buraxmaqla kifayətləndi, AFFA-nın elan etdiyi çempionluğu dəyişmədi.

Deməli, "Neftçi" azarkeşlərinə nə qədər sərf etməsə də, bakılılar beşqat çempiondu.
Etiraf edirəm ki, Fuad Musayevin (AFFA-nın yox ha - C.) şəxsi iradəsi hesabına mövsümöncəsi təsdiqlənən və "Qarabağ"ın çempionluğu ilə nəticələnən reqlament əndrəbadi bir şey idi. Heç bir ölkədə uşaq komandasının nəticələrinə görə peşəkar klubların yarışının qalibi müəyyənləşmir. Ancaq mövsümöncəsi bu şərtlə razılaşmısansa, sonda nəticəyə də dözməlisən.

Şərti şumda kəsmisənsə, xırmanda yabalaşmağın mənası yoxdu, elə şumda yabalaş, yarışda iştirak etmə. Ancaq o zaman "Neftçi" məhz xırmanda güclü oldu, eyni zamanda ölkə çempionluğuyla bağlı hələ də davam edən müzakirələrə zəmin yaratdı.

Son söz sənindi, AFFA, bu məsələyə nöqtə qoy!

CAVAD, “Ekspressfutbol” qəzeti