Ronaldo Messidən çox üstündü
20.05.2011 - 00:01
Ronaldo Messidən çox üstündü
"Forbes" jurnalı dünyanın ən məşhur 100 insanının adını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, sıralamada dünya futbolundan bizə tanış olan adlar da var. "Real"ın və Portuqaliya yığmasının yarımmüdafiəçisi Kriştianu Ronaldo siyahının 43-cü pilləsində yer alıb. O, bu kriteriyada tez-tez özü ilə müqayisə edilən "Barselona" futbolçusu Lionel Messini xeyli qabaqlayıb. Argentinalı forvard 62-ci pillədə qərarlaşıb.

İctimaiyyət, media və internet mühitində rəqibini olduqca geridə buraxan Ronaldo sosial şəbəkələrdəki məşhurluğu ilə də Leonu qat-qat qabaqlayır. "Facebook" və "Twitter"də futbolçunun ümumilikdə 28 milyon nəfər azarkeşi var. Messidə isə bu rəqəm 7,5 milyondu.
İki futbolçunu qazanc baxımından müqayisə etdikdə yenə də portuqaliyalı rəqibini üstələyir.

"Nike", "Castrol", "Clear" və "Bank Espirito" kimi şirkətlərlə sponsorluq müqaviləsi olan oyunçu illik 38 milyon avro qazanır. Messi isə "Adidas", "PepsiCo", "Conami", "Audemars Piguet", "Chery" və "Air Europa" kimi şirkətlərlə sponsorluq razılaşmaları imzalayıb. Oktyabrda "Dolce & Gabbana" ilə müqaviləsini ləğv edən gənc qolçunun illik qazancı 32 milyon avrodu.