UEFA Ramiz Məmmədovun komandasının taleyinə aydınlıq gətirdi
21.05.2011 - 09:40
UEFA Ramiz Məmmədovun komandasının taleyinə aydınlıq gətirdi
UEFA azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubunu avrokuboklarda iştirakına icazə verməyib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu lisenziya problemi ilə əlaqədar Avroliqaya buraxmadığı Astananın “Lokomotiv” klubunu əvəzləyəcək komandanın adını açıqlayıb. Bu, ötən çempionatı 5-ci yerdə bitirən “Atırau” yox, “dəmiryolçular”ın finalında yendiyi “Şaxtyor” klubu olub. UEFA rəsmən bildirib ki, bürünc mükafatçı “İrtış”la kubokun finalçısı “Şaxtyor” Avroliqanın II, gümüş medalçı “Aktobe” I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Son çempion “Tobol” isə Bakının “Neftçi” klubu kimi Çempionlar Liqasının II təsnifat mərhələsindən çıxış edəcək. Qazaxıstanın hər 4 iştirakçısı avrokuboklarda potensial rəqiblərimizdir.