Respublika stadionunda dubl edən futbolçu “Barsa”da!
21.05.2011 - 13:14
Respublika stadionunda dubl edən futbolçu “Barsa”da!
İspaniyanın “Barselona” klubu növbəti mövsümə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) qalibi İtaliya yığmasının hücumçusu Cüzeppe Rossi ilə anlaşıb. İspaniyanın “Vilyarreal” klubunun 24 yaşlı futbolçusu “Barsa” ilə 4 illik müqavilə imzalamağa razılıq verib. Keçid mövsüm bitəndən sonra rəsmiləşəcək.

“Vilyarreal” gənc lideri üçün 30 milyon avro təzminat istəyib. Ancaq bunu böyük məbləğ hesab edən “Barsa” çıxış yolunu tapıb. Belə ki, ÇL-ın hazırkı finalçısı müəyyən transfer məbləğini ödəməklə yanaşı, bəzi futbolçularını qarşı tərəfə verəcək. 2007-ci ildə “Mançester Yunayted”dən “Vilyarrael”a gələn Cüzeppe cari mövsümdə məhsuldar oynayaraq, 18 qol vurub.

Qeyd edək ki, Rossi 2008-ci ilin martın 25-də İtaliyanın 21 yaşlılardan ibarət yığmasında oynadığı zamanı Bakıya gəlib. O, Azərbaycanın U-21-nə Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda hər 2 qolu (2-ni penaltidən) vurub.