Georgi Adamiya ilk dəfə Gürcüstan milli komandasına çağırıldı
21.05.2011 - 14:40
Georgi Adamiya ilk dəfə Gürcüstan milli komandasına çağırıldı
“Qarabağ” klubunun gürcü futbolçusu Georgi Adamiya milli komandasına çağırıldı. Apasport.az saytının məlumatına görə, 2005-ci ilin qışından ölkəmizdə fasiləsiz oynayan 30 yaşlı hücumçu əsas yığmasından ilk dəfə dəvət aldı. Gürcüstan yığmasının baş məşqçisi Temur Ketsbaya Adamiyaya 30 nəfərlik siyahısında yer verib.

Ötən çempionatımızın bombardiri olmaqla diqqəti çəkən Georgi Xorvatiya yığması ilə Avro-2012-nin rəsmi oyununda debüt etmək imkanı qazanıb. Ancaq Ketsbayanın 8 hücumçu çağırdığını nəzərə alsaq, Adamiyanı heyətə düşmək üçün böyük rəqabət gözləyir. “Milan”da çıxışı ilə tanınan Kaxa Kaladzenin kapitanı olduğu Gürcüstan yığması mayın 23-də hazırlığa başlayacaq.

Qeyd edək ki, Adamiya hələ “Neftçi”də oynadığı vaxtda milliləşdirilərək, yığmamıza cəlb olunması gündəmdə idi. Ancaq o, ölkəsinin gənclər yığmasında rəsmi görüşdə iştirak etdiyindən, millimizdə oynaması qeyri-mümkün oldu.