Branimir Subaşiç: Gələcək karyeramla bağlı ən real variantım “İnter”dir
21.05.2011 - 16:31
Branimir Subaşiç: Gələcək karyeramla bağlı ən real variantım “İnter”dir
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç yenidən Bakının “İnter” klubuna üz tutub. Subaşiç apasport.az saytına açıqlamasında karyerasını ötən il çempion olan komandada davam etdirmək istədiyini bildirib. Ötən yay keçdiyi “Qəbələ” klubu ilə yollarını ayıran Subaşiç əyalətdə çıxış etmək fikrində deyil: “Qəbələ” ilə başa çatan müqaviləni uzatmadıq. Bundan sonra sərbəst futbolçu olmuşam. “İnter”lə danışığım olub. Mövsümün bitməsini gözləyirəm. Komandanın avrokuboklarda iştirakı mayın 24-də “Xəzər Lənkəran”la final oyunundan sonra bilinəcək. Azərbaycandan getmək istəmirəm. 2 variantım vardı, hər ikisi də Bakını təmsil edirdi. Ancaq bunlardan ən realı “İnter”dir. Digər komandanın adını açıqlamaq istəmirəm. Razılığa gəlsək, rəsmi müqavilə imzalayacağıq”.

Subaşiç “İnter” rəhbərliyinə təkcə ölkəmizdə “Neftçi”də çıxışından yox, onlarla əvvəl danışıq aparmasından yaxşı tanışdır. Belə ki, milliləşdirilən serbiyalı hücumçu hələ 3 il öncə - 2007/08 mövsümü bitəndən, “Neftçi” ilə müqaviləsini uzatmayandan sonra məhz “bankirlər”ə üz tutaraq, hətta ilkin anlaşmaya imza atdı. Həmin vaxt tarixində ilk dəfə avrokuboklarda çıxış edən “İnter” Çempionlar Liqasında debütlə başlayırdı. Ancaq Branimir sonradan fikrini dəyişərək, karyerasını vətənində davam etdirmək istədi və “Srvena Zvezda”nın cəlbedici təklifini qəbul etdi. Nəticədə “İnter”lə anlaşmasına xitam verən 29 yaşlı hücumçu Belqrad təmsilçisi ilə uzun müddətlik müqavilə imzaladı və karyerasında eniş oldu. Bu da Subaşiçin həmin komandada əsas heyətdə möhkəmlənə bilməyərək, az oynaması ilə bağlı idi. Həmin vaxt atdığı addıma görə peşman olan Branimir yenidən səhv etmək istəmir.

İstənilən halda, “İnter” yenə serbiyalının xidmətində maraqlıdır ki, bu da bir sıra amillərlə bağlıdır. Əvvəla, Subaşiç hücumçudur və az qol vuran “bankirlər”in ön xəttinin güclənməsinə ehtiyac var. Ən əsası isə Branimir milliləşdirilmiş futbolçu olduğundan, legioner sayılmır. Heyətində azərbaycanlı futbolçular az olan “İnter”ə isə yerli oyunçu statusu daşıyan lazımdır.

Qeyd edək ki, Subaşiç 2005-08-ci illərdə oynadığı “Neftçi”nin heyətində çempionatımızın 1 dəfə gümüş, 2 dəfə bürünc medalını qazanıb, Moskvada “Birlik kuboku”nun qalibi olub. Azərbaycanda oynadığı 4 ildə hələ titul qazanmayan hücumçu “Qəbələ”nin heyətində ötən çempionatda 19 oyun (1378 dəqiqə) keçirib, 2 qol vurub.

Mehman SÜLEYMANOV