“Bakı” və FİFA-dan Jabaya sərt qərar
23.05.2011 - 08:44
“Bakı” və FİFA-dan Jabaya sərt qərar
“Bakı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” braziliyalı hücumçusu Jabanı saxlamağı lazım bilməyib.

Gələn il bitməli olan müqavilə qarşılıqlı razılıqla pozulub. 2009-cu ilin avqustundan “Bakı”nın şərəfini qoruyan Jaba ötən qış fasiləsində həmyerlisi Leonardo Roşa ilə Türkiyədəki hazırlığa gec qatıldığından, baş məşqçi Aleksandr Starkov hər ikisini əvəzedici komandaya göndərdi. Braziliyalılar sonradan bağışlanılaraq, geri qaytarılsalar da, ümidləri doğrultmadı.

Jaba komandanı avrokuboklara çıxara, mövsümün sonunda qol vura bilmədi. Nəticədə Starkov 30 yaşlı legioneri daha sərəncamında görmək istəmədi və gedişi məsələsi rəsmiləşdi.

Ancaq bu, Jaba üçün yeganə xoşagəlməz xəbər olmadı. Belə ki, FİFA braziliyalı hücumçunun keçmiş klubu “Koritiba”nın onun haqda qaldırdığı şikayətlə bağlı araşdırma aparıb. Jaba 2003-cü ildə çıxış etdiyi Braziliya təmsilçisinə kompensasiya ödəməlidir. Bu da FİFA-nın qaydalarına əsasən 23 yaşı tamam olmadığı halda, müəyyən məbləğ təzminatın verilməsi ilə bağlıdır. Jaba həmin vaxt ölkəsini tərk edərək, Türkiyəyə “Ankaraspor” klubuna keçib.

Hücumçu 2 il öncə Türkiyənin “Ankaragücü” klubundan “Bakı”ya keçən zamanı həmin 50 min ödəsə də, məhkəmənin çıxardığı 30 min avroluq cəriməni ödəməyib. Bura daha 5 mini əlavə edən dünya ali futbol qurumu Jaba cərimənin ödəmək üçün son tarix mayın 20-ni müəyyənləşdirmişdi. Ancaq bəstəboy futbolçu dünya ali futbol qurumunun qərarına əməl etmədiyindən, onun bayrağı altında keçirilən bütün yarışlardan qeyri-müəyyən müddətədək kənarlaşdırılıb.