Mirça Rednik: Kuboku qazanmamaq bizim üçün biabırçılıq olacaq
23.05.2011 - 19:12
Mirça Rednik: Kuboku qazanmamaq bizim üçün biabırçılıq olacaq
“Sabah ilk növbədə mənim, sonra komandam və azarkeşlərimiz üçün vacib oyundur. Bu mövsümdə yaxşı çalışdıq. Çempionluğu söz vermişdim. Ancaq kubok haqda danışmamışıdım. Çempionluğu qazana bilmədik, kuboku qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri NBC Bank AZərbaycan kubokunun finalçısı olan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik bu gün keçirdiyi mətbuat konfransında deyib. Söz verdiyi çempionluğu qazana bilmədikdən sonra kuboka iddialı olan rumıniyalı mütəxəssis mövsümü boşa vermək istəmir: “Əlbəttə, finalda qalib gəlmək asan olmayacaq. “İnter” güclü rəqibdir, xüsusilə müdafiədə yaxşı təşkilatlanmış komandadır. Bu, “İnter” üçün avrokuboklara çıxmaq baxımından son şansdır. Bununla belə, futbolçularıma, komandama inanıram. Bu kuboku qazanmaq bizim üçün önəmlidir. Heç bir zədəli futbolçumuz yoxdur. Bütün futbolçularımdan istifadə edə biləcəyəm. Bu, məni sevindirir. Allahdan bunu istədim və duamı yerinə yetirdim. Kamranın “Neftçi” ilə görüşdə buraxdığı səhv ilk ciddi səhvidir. Yaxşı olardı ki,onun səhvlərindən yox, yüksək səviyyəli oyunundan danışaq. Məncə, hazırda Azərbaycanda ən yaxşı qapıçı Kamrandır”.


AFFA-nın Apelyasiya və Ekspert Komissiyasının bu gün çıxardığı qərarla Rednikin cəzası yüngülləşdirildi. Onun bağışlanması sabah texniki zonada olmasına imkan yaradır: “Bu, mənim üçün xoş xəbər oldu. AFFA-nın bu qərarı mənim, komandam üçün çox vacib idi. Fikrimcə, normal, vaxtında verilmiş qərardır Mənim hərəkətimdə təhlükəli bir şey yox idi. Heç bir ədəbsiz söz işlətməmişdim. 4-cü hakim isə bunun əskini deyirdi. Hesab edirəm ki, “İnter”in baş məşqçisinin texniki zonada yer almağı, “Xəzər Lənkəran”ın çalışdırıcısının olmamağı isə ədalətsizlik olardı”.

Rednik rəqibin sabahkı oyunu da xarakterizə etdi: “Təbii ki, finala yaxşı hazırlaşmışıq. “İnter”in səviyyəli baş məşqçisi var. Məncə, rəqib arxaya çəkilib, əks-hücumlara bel bağlayacaq. Daha çox standart vəziyyətlərə ümid edə bilər. Çünki heyətində ucaboylu futbolçular var. Hər bir rəqibə hörmətlə yanaşıram. Ancaq “Xəzər Lənkəran” “Xəzər Lənkəran”dır. Futbolçulara öz oyunlarını göstərmələrini demişəm. Biz oyun sonrası penaltilər seriyasına da hazırlaşmışıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Bu, hərdən alınmır”.

Rumıniyalı mütəxəssisin fikrincə, sabah Tanrı onlara kömək edəcək: “Allah bizə çempionluğu bəxs etmədi, kuboku edər. Əgər istəyirsə ki, mən burda qalım. Ola bilər ki, kuboku qazanmasam, gedərəm. Buna kimlərsə sevinəcək. Gedişimi gözləyənlər var. Ancaq getməyəcəyəm. Çünki bilirəm ki, kuboku qazanacağıq. Kuboku qazanmasaq, bu, bizim üçün biabırçılıq olacaq. Sabah qalib olsaq, onda Avroliqada II təsnifat mərhələsindən mübarizəyə başlayacağıq. Bu zaman bizə daha asan olacaq. Klub rəhbərliyi futbolun inkişafı külli miqdarda pul xərcləyir. Avrokuboklarda mərhələ keçmək Azərbaycan futbolunun inkişafına təkan olacaq”.

Mehman SÜLEYMANOV