Kamran Ağayev: Biz robot deyilik, səhv edə bilərik
23.05.2011 - 19:32
Kamran Ağayev: Biz robot deyilik, səhv edə bilərik
“Futbolda baş məşqçi böyük şeydir. Miçra Rednikin “İnter”lə sabahkı oyunda bizimlə olmağı yaxşıdır. O, məşqdə hər şeyi öyrədir, biz də onu edirik. Sadəcə, kubokun finalı həlledici oyun olduğundan, baş məşqçimizin texniki zonada olmağı daha yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran” klubunun kapitanı Kamran Ağayev deyib. NBC Bank Azərbaycan kubokunda “İnter”lə final oyunu öncəsi bu gün mətbuat konfransında iştirak edən milli komandamızın əsas qapıçısı çempionatın son turunda “Neftçi” ilə görüşdə buraxdığı kobud səhvə görə ruhdan düşmür: “Biz robot deyilik, səhv edə bilərik. Əsas odur ki, bu, axırıncı olmasın, axırıncı olsun. Mənim 17-18 yoxdur ki... 25 yaşım var. Penalti haqda, bunun baş verib, qəhrəman olmağım haqda fikirləşmirəm. 90 dəqiqədə qələbə qazanmaq haqda düşünürük. Allah eləməsin ki, kuboku qazanmayaq. Təkcə biz yox, “İnter” də kuboku qazanmaq istəyir”.

Ağayevin sözlərinə görə, finaldakı rəqibinin heyətində çəkindiyi futbolçu yoxdur: “Mən elə şeylər haqda fikirləşmirəm. Ümumiyyətlə, heç bir futbolçudan çəkinmirəm. Sadəcə, ehtiyatlandıqlarım var. Çünki “İnter”də ağıllı futbolçular var. Mən yalnız öz oyunum haqda düşünürəm. Ağıllı oynasaq, qalib gələcəyik”.

Kamran “Neftçi” ilə oyunlar zamanı gərginlik haqda danışmaq istəməyib: “Həmin söz-söhbətlərə qayıtmaq istəmirəm. Bizə şəxsi həyatımıza görə yox, meydanda oyunumuza görə qiymət verirlər. Haqqımı istəyirəm. Əsas valideyn sevgisidir. Çalışıram ki, oyunumla xalqın yadında qalım. “Neftçi” də Azərbaycanın bir komandasıdır. Əsas odur ki, 2 ildir məni uda bilmirlər. İstərdim ki, “Neftçi” Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etsin”.

Mehman SÜLEYMANOV
0