Vaqif Qasımov: Ayağını qoruyan legioner bizə lazım deyil
24.05.2011 - 11:22
Vaqif Qasımov: Ayağını qoruyan legioner bizə lazım deyil
AZAL 2 legioneri ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın prezidenti Vaqif Qasımov məlumat verib. O bildirib ki, albaniyalı yarımmüdafiəçi Eleandro Pema və litvalı hücumçu Qvidas Yuşka komandadan uzaqlaşdırılıb.

“Yuşka ilə müqaviləmiz bitmişdi. O, daha bizə lazım olmadığından, anlaşmanın müddətini uzatmadıq. Çünki Qvidas əvvəl məhsuldar oynasa da, son vaxtlar çox zəif çıxış edirdi. Meydanda sona kimi mübarizə aparmırdı, ayağını qoruyurdu. Belə legioneri niyə saxlamalıyıq ki? Məşqçilər korpusu Yuşkanın oyunundan narazı qaldığından, onu yola saldıq. Pemanın isə hələ bizimlə müqaviləsi vardı. Ancaq “Bakı” ilə “altılığ”ın ilk dövrəsindəki oyunda çiynindən aldığı zədədən sonra əməliyyat olundu, uzun müddətə sıradan çıxdı. Avrokuboklarda çıxış etmək şansımız var və bizə daha səviyyəli legionerlər lazımdır. Göndərdiyimiz legionerlərdən 2 qat güclüləri gətirməliyik” – deyə, Qasımov bildirib.

AZAL-ın transfer etdiyi futbolçular isə Salyanın “Muğan” klubundan gələnlərdir. Bunlar komandanın kapitanı, qapıçısı Amil Ağacanovla hücumçu Elşən Məmmədovdur: “Hər ikisi ilə 2 illik müqavilə bağlamışıq. Qapıçımız Elşən Poladovun gedişi hələ dəqiqləşməyib. Ümumiyyətlə, hazırlıq, transfer planlarımızda bir çox məsələlərə Azərbaycan kubokunun final oyunundan sonra aydınlıq gələcək. Buna görə də “İnter”lə “Xəzər Lənkəran” arasında bugünkü görüşü gözləyirik. Bundan sonra yığışıb, planlarımızı müzakirə etməliyik. Bilməliyik ki, final oyunun nəticəsindən asılı olaraq nə vaxt yığışacağıq”.

Qeyd edək ki, AZAL avrokuboklara yalnız “Xəəzr Lənkəran” kuboku qazanacağı halda çıxacaq. Onda “təyyarəçilər” Avroliqada ilk oyununu iyunun 30-da keçirəcəyindən, növbəti mövsümə hazırlığa daha tez başlamalı olacaq.

Mehman SÜLEYMANOV