Azərbaycan yığması ciddi dəyişiklik astanasında
24.05.2011 - 16:59
Azərbaycan yığması ciddi dəyişiklik astanasında
“Milli komandamızda ciddi dəyişiklik gözlənilir. Lakin bunun üçün yığmanın məzuniyyətdən qayıtmasını gözləmək lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.

O bildirib ki, hazırda istirahətdə olan milli komanda avqustun 1-də bir araya toplaşacaq. Həmin ərəfədə yığmaya yeni baş məşqçi də təyin edilə bilər: “Hələ yekun qərar verilməyib. Lakin ola bilsin ki, bolqarıstanlı Yanko Rusevlə yollar ayrılsın. Belə olan halda, təbii ki millimizi yalnız yerli mütəxəssisə tapşıracağıq. Amma bu, hələ dəqiq deyil. Rusevlə də işbirliyimizi davam etdirə bilərik”.

Əsgərov bildirib ki, hazırda düşərgəyə sabiq yığma üzvlərini də qaytarmağı planlaşdırırlar. Tezliklə bu məqsədlə atletlərə müraciət ediləcək: “Biz yenidən azərbaycanlı idmançıları əsas komandaya çağırmağı qətiləşdirmişik. İstəyirik ki, təcrübəli atletlərimiz – Turan Mirzəyev, Əlibəy Səmədov və digərləri yenidən yığmamıza kömək etsinlər. Onların doğma komandaya faydalı olacağı qənaətindəyik. Fikrimcə, bu idmançılar da Azərbaycanın uğuru üçün müraciətimizi qəbul edəcəklər”.

Federasiya rəsmisi baş məşqçi Rusevlə yolları ayıracaqları halda belə milliləşdirilmiş bolqarıstanlı legionerlərin komandada qalacağını deyib: “Yanko ilə vidalaşacağımız halda, legionerlərdən imtina etməyəcəyik. Çünki onlar Azərbaycan vətəndaşlarıdır və millimizin şərəfini qoruyacaqlar. Biz komandanı gücləndirmək üçün hamımız əl-ələ verəcəyik”.

Qeyd edək ki, Rusevin gənclərdən ibarət yığmamızın baş məşqçisi, dünya çempionu Nizami Paşayevlə əvəz ediləcəyi gözlənilir.
0