Nazim Süleymanovun ilk, AZAL klubunun ikinci sınağı
25.05.2011 - 09:00
Nazim Süleymanovun ilk, AZAL klubunun ikinci sınağı
Bakının AZAL klubu tarixində 2-ci dəfə avrokuboklarda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” 2008-ci ildə “Olimpik” adlanan vaxtda UEFA kubokunda çıxış etmişdi. Onda Serbiyanın “Voyvodina” klubu ilə görüşən bakılılar mübarizəni elə ilk mərhələdə dayandırmışdı. Səfərdə 0:1 hesabı ilə uduzan “Olimpik” Bakıda da qalib gələ bilmədi – 1:1. Paytaxt təmsilçisi gürcü yarımmüdafiəçisi Roman Axalkatsinin vurduğu qolla hesabı açsa da, sonradan buraxdığı topla qələbəni əldən verdi.
Həmin vaxt gümüş medalçımız kimi qitə miqyaslı turnirə vəsiqə qazanan “Olimpik” Əsgər Abdullayevin rəhbərliyi altında oynayırdı. Abdullayevin istefaya göndərilməsindən son il yarımda komandanın sükanı arxasında Nazim Süleymanov durur. Futbolçu karyerasında Rusiyanın “Alaniya” klubunun heyətində bir neçə dəfə avrokuboklarda iştirak edən Süleymanov məşqçi kimi Avropada siftə edəcək. “Təyyarəçilər”in heyətində 3 il öncəki heyətdən qalan futbolçular millimizin üzvləri olan müdafiəçilərdir. Söhbət AZAL-ın kapitanı Aqil Nəbiyevlə milliləşdirilən nigeriyalı Usim Ndukadan gedir.

Qeyd edək ki, çempionatımızı 4-cü yerdə bitirən AZAL “Xəzər Lənkəran” kubokun qalibi olduğundan, Avroliqaya vəsiqə qazandı. Komanda turnirdə mübarizəyə I, lənkəranlılar II təsnifat mərhələsindən başlayacaq.

Mehman SÜLEYMANOV