“Pobeda”mız “05”in altında qaldı
25.05.2011 - 11:27
“Pobeda”mız “05”in altında qaldı
Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli komandasının uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, yığmamızın beynəlxalq matçlardakı məğlubiyyətsizliyinə son qoyulub.

Sonuncu dəfə 73 gün əvvəl məğlub olan U-17 Türkiyədə keçirilən Beynəlxalq Kuşadası turnirinin 3-cü yer uğrunda oyununda yenilmişdi. Həmin vaxt – martın 12-də komandamız Türkiyənin Şərq regionu yığmasına 0:1 hesabı ilə uduzmuşdu.

Bu dəfə isə Serbiyada meydan sahibləri komandamızın qapısından 5 cavabsız qol keçiriblər. Türkiyədəki məğlubiyyətdən sonra qələbələri sıralayan yığmamız Qazaxıstanda keçirilən “Prezident kuboku”nda 4 komandanı arxada qoyub. Qrup mərhələsində İranı 2:1, Qazaxıstanı 3:2, Özbəkistanı 3:1 hesabı ilə məğlub edən millimiz finalda Ukraynanı üstələyib. Lakin bu dəfə qolsuz bitən görüşün taleyi oyun sonrası lotereyada həll olunub - 5:4.

Ardınca isə Moldovadakı beynəlxalq turnirə yüksək əhval-ruhiyyədə yollanan millimiz elə ilk oyunda əzmkar qələbə qazanıb. Bu dəfə Litva yığması o vaxtkı qələbələrinə görə “Pobeda” maşınına bənzədilən komandamıza uduzub – 2:1. Biri penaltilər seriyasında olmaqla, ardıcıl 5 qələbədən sonra yığmamız 3 quru oyun keçirib. Moldovadakı turnirdə Rumıniya və meydan sahibləri ilə qolsuz heç-heçələr kubokun sahibi də olmağa imkan vermişdi.

Həmin ölkədəki yoldaşlıq oyununda isə futbolçularımız “Buikani”ni darmadağın etmişdi. Ardıcıl 8 oyunluq məğlubiyyətsizlikdən sonra “Pobeda” Serbiyada “05”in altında qaldı – 0:5.