“Neftçi” və “Xəzər” iyulun 6-da qarşılaşsın!
25.05.2011 - 15:02
“Neftçi” və “Xəzər” iyulun 6-da qarşılaşsın!
Azərbaycan futbolundakı 16 illik həsrətə son qoyulmalıdır. Apasport.az saytı bunun üçün PFL, “Neftçi” və “Xəzər Lənkəran” rəhbərliyinə 6 iyul tarixini təklif edir.

Bunadək təkcə yazıları ilə deyil, həm də futbolumuza töhfə olan təkliflərlə çıxış edən saytımız indi də Superkubokun bərpası üçün münasib tarix seçib. Belə ki, Azərbaycan çempionu ilə kubokunun sahibi məhz iyulun 6-da qarşılaşmalıdır.

1995-ci il iyunun 23-də “Turan”ı məğlub edən “Neftçi” 3-cü Azərbaycan Superkubokunu qazandı. Lakin həmin yarış o vaxtdan davam etdirilmədi. Bakılılar da yarışın son qalibi kimi tarixə köçdülər.

Neçə illərdir ölkəmizdə də mövcud olmuş ənənəni bərpa etmək, əksər futbol ölkələrindən geri qalmamaq üçün Superkubokun keçirilməsi gündəmə gəlir. Lakin hər dəfə də ortaya bir “əmma” çıxır. Lakin bu dəfə AFFA və PFL əl-ələ verib, ənənəni bərpa etməlidirlər. Çünki...

Birincisi, Avropada 40-a yaxın Superkubok keçirənlər sırasına daxil olmağın vaxtıdır. Nə vaxtadək yaxşılara deyil, geridə qalmışların sırasında olacağıq?

İkincisi, futbolumuzun 100 illiyində köhnə-təzə ənənənin bərpası və ya yenidən əsasının qoyulması da əla olardı.

Üçüncüsü, heç də az əhəmiyyət kəsb etməyən məqam bunun üçün rəqiblərin ideal olmasıdır. Axı “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunlar həmişə bayrama çevrilib. Azarkeşlərə daha 1 bayram bəxş etmək isə... bunun heç şərhə ehtiyacı yoxdur.

Dördüncüsü, əvvəllər hansısa klub Superkubokdan imtina edirdisə, bu dəfə heç kim bunu etməyəcək. Çünki prinsipial rəqiblə oynamaq istəməmək - qorxmaq, qaçmaq anlamına gələcək. Bu üzdən hər 2 komanda oynamaq, qisas almaq əzmində olacaq. “Neftçi” neçə illərdir uda bilmədiyi rəqibinə qarşı sindromu qırmaq üçün əlavə şans qazanacaq. “Xəzər Lənkəran” isə çempiona ondan zəif olmadığını təsdiqləmək istəyəcək.

Beşincisi və ən önəmlisi: Hər 2 komanda avrokuboklara I deyil, II təsnifat mərhələsindən başlayacaq. Yəni, “Qarabağ” və AZAL-dan fərqli, 2 həftə artıq vaxtı olan klublar həmin müddətdə görüşə bilərlər.

Xatırladaq ki, II təsnifat mərhələsinin ilk oyunları Çempionlar Liqasında iyulun 12-13-də, Avroliqada 14-də keçiriləcək. Bunadək isə I təsnifat mərhələsi oyunları olacaq. Həmin mərhələnin cavab oyunları iyulun 5-7-də baş tutacaq. Avroliqa komandaları 7-də oynadığından, iyulun 5-də və 6-da Respublika stadionu boş olacaq. Çərşənbə gününün daha futbol ab-havasında olduğunu nəzərə alıb, iyulun 6-nı seçmək olar. Amma 1 gün əvvəl də fərq etməz.

Belədə “Qarabağ”la AZAL-ın cavab oyunundan 1 gün əvvəl futbol azarkeşlərimiz Superkubokda “Böyük oyun”un şahidi olardılar. Axı futbol tariximizdə ilk dəfədir ki, bu 2 komanda 2 titulu götürür. Yəni, biri “Neftçi”nin, digəri “Xəzər Lənkəran”ın olur.

Lakin 6 iyul tarixinin əleyhinə səslənə bilən 2 bəhanə var. Hansısa klubun uduzmaq qorxudan önə çəkə biləcəyi bu bəhanələrin hər 2-si əsassızdır.

Birinci bəhanə planlarla bağlıdır. Planları quranlar onu redaktə də edə bilər. Axı 3-4 gün tez vətənə dönməyin ciddi fərqi yoxdur. Üstəlik, ölkə xaricindəki “geydirmə” yoxlama oyunlarındansa, Superkubok matçına çıxmaq yaxşıdır. Bu, Avrokubok öncəsi baş məşq, ruslar demiş “generalnı repetitsiya” olardı. Prinsipial rəqibdən yaxşı sınaqçı tapmaq müşkül məsələdir.

İkinci bəhanə futbolçuların yüklənməsi ilə bağlıdır. Avropalıların 60-a yaxın oyun keçirdiyi halda, 50-dən də az görüşə çıxan futbolçularımız üçün 1 oyun az, ya çox ciddi fərq deyil. Həm də ki, oyunçu yorulmasın deyə, Superkubok əvəzinə qeyri-rəsmi yoldaşlıq görüşünə çıxmaq daha yaxşıdır?

Əslində, daha bir bəhanə də var. Lakin bu çox axmaq bəhanədir. Kimsə futbolçusunun Superkubokda zədələnməsindən qorxduğunu deyə bilər. Rəqibdən qorxunu belə deyənlər, yəqin ki, zədənin qaçılmaz olduğunu da başa düşürlər. Axı zədə Superkubokda da ola bilər, yoxlama matçında da, elə məşqdə də.

O ki, qaldı təşkilatçılara - ölkə kubokunun finalını bayrama çevirənlər Superkubokun da öhdəsindən gələr. Təbii ki, bunu istəsələr. İstək deyil, futbol naminə isə Superkubok olmalıdır.

Qeyd edək ki, apasport.az saytı bunadək Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının talismanı kimi Tıq-Tıq xanımı təklif etmiş, futbolumuzun 100 illiyi üçün isə “Əsrin yığması” layihəsini ortaya qoymuşdu.

Vüqar XEYRULLAYEV