“Superkubok matçını istənilən vaxt oynamağa hazırıq”
25.05.2011 - 15:14
“Superkubok matçını istənilən vaxt oynamağa hazırıq”
“Oyunların sayının çox olması, klubların xeyrinədir. Biz də istəyirik daha çox oyun keçirək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

O, ölkə kubokunu qazanan komandasının Azərbaycan çempionu “Neftçi” ilə Superkubok matçı oynamaq iddiasında olduğunu açıqlayıb: “Elə Azərbaycan Superkuboku da bu mənada yerinə düşər. Biz bu qarşılaşmanın tərəfdarıyıq. Bu həm də azarkeşlərə daha bir sevinc bəxş etmək imkanıdır”.

Nadirov bildirib ki, Superkubokun keçirilməsində klubların istəyi deyil, futbol qurumlarının qərarı həlledici olmalıdır: “Superkubokun vaxtını təşkilatçılar müəyyənləşdirməlidir. Bu federasiya və PFL-in səlahiyyətindədir. Nə vaxt desələr, biz oynayacağıq. Bizim üçün bunun fərqi yoxdur. “Neftçi” ilə Superkubok görüşünü istənilən vaxt oynamağa hazırıq. Yəqin ki, bu matç çempionatın startı ərəfəsində keçiriləcək. Lakin avrokubok ərəfəsində də oynamaq olar”.


Vüqar XEYRULLAYEV